
“Bu, əlbəttə, Azərbaycanın siyasi mühitinə ciddi töhfələr verən mühüm bir hadisədir”.
Bunu “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda iqtidar və müxalifət nümayəndələri arasında keçirilən görüş barədə fikirlərini bölüşən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, təməli 2020-ci ildə atılan bu görüşlərin ovaxtkı iqtidar-müxalifət arasındakı xaotik durumu yaxşılaşdırıb:
“Dəyirmi masada çıxış edən Ədalət Vəliyev 2020-ci ildən etibarən ölkəmizdə cənab prezidentin xüsusi önəm verdiyi siyasi islahatların mahiyyəti üzərində dayanaraq yeni siyasi konfiqurasiyanın formalaşmasının vacib detallarını təhlil etdi. O, siyasi partiyaların siyasi sistemimizdə yerinin və rolunun artırılması ilə bağlı həyata keçirilən tələblər üzərində geniş dayandı.
Həqiqətən də, etiraf etmək lazımdır ki, 2020-ci ilə qədər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar çox xaotik vəziyyətdə idi. Qarşılıqlı münasibətlər düşmənçilik mövqeyindən o tərəfə keçmirdi. Hətta özünü müxalifət elan edən partiyalar arasında da belə biri digərini tanımır, qəbul etmir və eyni zamanda, müxalifətin iqtidara qarşı barışmaz, əsası olmayan münasibəti özünü bütün istiqamətlərdə göstərirdi.
Bütün sahələrdə olduğu kimi, siyasi mühitimizin də şəffaflaşdırılması, siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, qarşılıqlı hörmətə söykənən əməkdaşlığın formalaşdırılması, müxalifət-iqtidar münasibətlərinin normal müstəviyə gətirilməsi kimi vəzifələr ölkə prezidentinin yaratdığı və Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə tərəfindən qısa müddət ərzində həyata keçirilməyə başlandı.
Bütün bu proseslərin xronikasına toxunan Ədalət Vəliyev bildirdi ki, hazırda ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 24-ü ilə iqtidar arasında sivil əməkdaşlıq mövcuddur. 2020-ci ildən bu günə qədər ötən qısa zaman kəsiyində iqtidar və siyasi partiyalar arasında 52 görüş, müxtəlif xarakterli konfranslar və dəyirmi masalar keçirilib. Bu da birmənalı şəkildə sübut edir ki, bu gün iqtidar-müxalifət arasında sağlam münasibətlər və sivil əməkdaşlıq mövcuddur. Bu, əlbəttə, Azərbaycanın siyasi mühitinə ciddi töhfələr verən mühüm bir hadisədir. Artıq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra yeni bir mərhələyə qədəm qoyub. Məhz bu yeni mərhələdə siyasi partiyalarla əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin daha yüksək səviyyəyə qalxmasını təmin edəcək bütün şərtlərin həyata keçirilməsinin vacibliyi Ədalət Vəliyev tərəfindən dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı.
Çox işgüzar və maraqlı müzakirələr aparıldı. Müzakirələrdə həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya liderlərinin maraqlı çıxışları və etdikləri dəyərləndirmələr Ədalət Vəliyev tərəfindən müsbət qarşılandı. Dəyirmi masaların ayrı-ayrı konkret mövzular ətrafında keçirilməsinin vacibliyi qərara alındı. Səsləndirilən fikirlər dəyirmi masa iştirakçılarının və əlbəttə ki, bu tədbirin təşkilatçısı olan Prezident Administrasiyasının müvafiq şöbəsinin razılığı ilə qarşılandı.
Ümidvaram və əminəm ki, bundan sonra müxalifət partiyaları ilə iqtidar arasında əməkdaşlıq yüksək səviyyədə davam edəcək. Çünki bu əməkdaşlıq ölkəmizdə milli həmrəyliyin möhkəmlənməsinə xüsusi töhfələr verir və bundan sonra da Azərbaycan dövlətçiliyinin güclənməsində özünü göstərəcəkdir.
44 günlük Vətən müharibəsində və eyni zamanda, antiterror əməliyyatında siyasi partiyaların dövlətimiz, Ali Baş Komandan, Azərbaycan xalqı və Silahlı Qüvvələrimizlə bərabər olması unikal bir nümunə idi. Biz bu nümunəni, bu birliyi və sağlam əməkdaşlığı qorumalı və inkişaf etdirməliyik”.