
Cənubi Qafqaz Rusiya, İran, Türkiyə və Aİ kimi dünya oyunçularının maraq düyünüdür. Azərbaycan Bu mürəkkəb mozaikada çeviklik, praqmatizm və öz maraqlarını dəqiq anlamaq əsasında strategiya qurur.
Türkiyə və Azərbaycan: tərəfdaşlıqdan daha artıq
Əgər nümunəvi müttəfiqlikdən danışmaq mümkündürsə, bu, məhz Azərbaycan və Türkiyə arasındakı münasibətlərdir. Bu əlaqələr təkcə diplomatiya və iqtisadiyyatdan ibarət deyil – burada ortaq dil, mədəniyyət və ən əsası, kritik anlarda qarşılıqlı dəstək var. “Bir millət – iki dövlət” prinsipi şüarlarla deyil, real addımlarla təsdiqlənir.
Türkiyə İkinci Qarabağ müharibəsi zamanı açıq şəkildə Azərbaycanın yanında oldu. Lakin əməkdaşlıq təkcə hərbi sahə ilə məhdudlaşmır. Türkiyə Azərbaycanın ən iri xarici investorlarından biridir və energetika, nəqliyyat, tikinti və turizm sahələrinə böyük yatırımlar qoyur. Eyni zamanda, Azərbaycan şirkətləri də Türkiyəyə aktiv şəkildə investisiya yatırır – xüsusilə neft-kimya sənayesi, bank sektoru və daşınmaz əmlak sahəsində. Qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edir və azad ticarət haqqında sazişlər, güzəştli tariflər əməkdaşlığı daha da sərfəli edir.
Lakin bu, yalnız genişmiqyaslı əməkdaşlığın bir hissəsidir. Bu gün Ankara və Bakı energetika, logistika və müdafiə sahələrində daha iddialı layihələr üzərində işləyirlər. Onların ittifaqı sadəcə tərəfdaşlıq deyil, bütün regionun gələcəyini formalaşdıran əsas amildir.
Azərbaycan və Rusiya: tarix və praqmatizm arasında
Rusiya Azərbaycanın təkcə qonşusu deyil, həm də Cənubi Qafqazda təsiri güclü olan əsas oyunçulardan biridir. Bu gün Bakı Moskva ilə münasibətlərini emosiyalar üzərində deyil, sağlam düşüncə və praqmatizm əsasında qurur.
Ticarət dövriyyəsi artır, Rusiya şirkətləri Azərbaycandakı infrastruktur layihələrində iştirak edir, Azərbaycan məhsulları Rusiya bazarına çıxış tapır. Energetika sahəsində rəqabətə baxmayaraq, Bakı öz maraqları ilə Kremlin siyasəti arasında uğurlu balans yaratmağa nail olur. Rusiya ilə münasibətlərin düsturu sadədir: mümkün olduğu yerlərdə qarşılıqlı faydalı əməkdaşlıq və zəruri olduğu hallarda milli maraqların qətiyyətlə qorunması.
Azərbaycan və İran: ehtiyatlılıq və imkanlar arasında
Azərbaycan və İran arasındakı münasibətlər tarix, coğrafiya və siyasi reallıqlar arasında balansdır. Tarixi və mədəni əlaqələrə baxmayaraq, Bakı ilə Tehran arasındakı münasibətlər heç vaxt sadə olmayıb. İranın Qarabağ münaqişəsində Ermənistana verdiyi dəstək uzun illər gərginliyə səbəb olub.
Lakin işgüzar münasibətlərdə Azərbaycan və İran ortaq maraqlar tapmağı bacarır. Ən mühüm layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir ki, bu da regionu Rusiya, İran və Hindistan arasında mühüm tranzit mərkəzinə çevirir. İkitərəfli ticarət əlaqələri də inkişaf edir: İran şirkətləri Azərbaycanın infrastruktur layihələrində iştirak edir, Azərbaycan məhsulları isə İran bazarına yol tapır. Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət fonunda Bakı Tehranla münasibətlərini ehtiyatlı praqmatizm prinsipi əsasında qurmağa üstünlük verir.
Gürcüstan: Qafqazda strateji tərəfdaş
Əgər İran münasibətlərdə ehtiyatlı davranmağı tələb edən tərəfdaşdırsa, Gürcüstanla əlaqələr daha sadədir. Azərbaycan və Gürcüstan uzun illərdir möhkəm iqtisadi əlaqələr qurub, Bakı Gürcüstan infrastrukturuna böyük yatırımlar qoyur.
Boru kəmərləri, dəmir yolları, logistika mərkəzləri – bu əməkdaşlıq Gürcüstanı Azərbaycanın Qərbə açılan əsas tranzit körpüsünə çevirib. Neft və qazdan əlavə, iki ölkə energetika və ticarət sahələrində də əməkdaşlıq edir ki, bu da onları regionun sabitlik faktoruna çevirir.
Tbilisi və Bakı arasında siyasi münasibətlər də möhkəm və stabil xarakter daşıyır: gurultusuz, lakin qarşılıqlı faydanın dəqiq başa düşülməsi. Gərginlik içində olan Cənubi Qafqazda belə bir tərəfdaş böyük üstünlükdür.
Ermənistan: normallaşma perspektivləri, yoxsa yeni illüziyalar?
Azərbaycan-Ermənistan münasibətləri həmişə Qarabağ münaqişəsinin girovu olub. Lakin İkinci Qarabağ müharibəsindən sonra vəziyyət dəyişib. Bakı realist gündəmi irəli sürür: nəqliyyat dəhlizlərinin açılması, iqtisadi əlaqələrin bərpası və regional layihələrdə iştirak.
Lakin İrəvan hələ də tərəddüd içindədir – bir tərəfdən iqtisadiyyatını gücləndirmək fürsəti, digər tərəfdən isə geosiyasi qorxular. Ermənistan daxilində siyasi qeyri-sabitlik, xarici oyunçuların təzyiqi və dəyişikliklərə qarşı qorxu ölkəni fəaliyyətsizliyin girovuna çevirir. Tarixi fürsətlər sonsuz deyil – əgər İrəvan tərəddüd etməyə davam etsə, o, növbəti dəfə təcrid olunmaq riski ilə üzləşəcək. Bu dəfə həmişəlik.
Aİ: ikili standartlar, enerji və Bakının narazılığı
Brüssel xüsusilə də Rusiya ilə böhrandan sonra Azərbaycanı enerji sahəsində əsas tərəfdaş kimi görür. Cənub Qaz Dəhlizi Avropa üçün xilasa çevrildi, yaşıl enerji sahəsində inkişaf isə yeni perspektivlər vəd edir.
Lakin Aİ hər zaman olduğu kimi ikili standartlarla oynayır: bir tərəfdən Azərbaycan qazını istəyir, digər tərəfdən isə demokratiya və insan haqları mövzusunda Bakı qarşısında tələblər irəli sürür. Azərbaycan isə bunu artıq narahatlıq kimi yox, təzyiq forması kimi qəbul edir. Xüsusilə, özünə lazım olan zaman digər ölkələrdəki repressiyalara göz yumması fonunda.
Regionun təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları da gərginliyi artırır: Brüssel kompromislərdən danışır, Bakı isə real siyasətdən çıxış edir və suverenliyini müzakirə mövzusu etmir. Avropanın xoşuna gəlsə də, gəlməsə də, bu oyunun qaydalarını Azərbaycan müəyyənləşdirir.
Nəticə
Azərbaycan sürətlə dəyişən geosiyasi mühitdə təkcə böyük oyunçuların maraqları arasında manevr etmir, həm də öz gündəmini formalaşdırır. Türkiyə ilə strateji tərəfdaşlıq, Rusiya ilə praqmatik dialoq, İran və Gürcüstanla iqtisadi əməkdaşlıq, Ermənistanla ehtiyatlı normallaşma siyasəti və Aİ ilə hesablanmış münasibətlər – bunlar Azərbaycanın özünəinamlı xarici siyasətinin əsas elementləridir.
Azərbaycan “hörmətə hörmət” prinsipinə sadiqdir və ona şərtlərin diktə olunmasına imkan vermir. Brüssel hələ də dəyərlərlə praqmatizm arasında tərəddüd edərkən, Bakı öz enerji müstəqilliyini gücləndirir və tək bir bazardan asılı olmamağa çalışır.
Şarl de Qollun sözləri ilə desək: “Siyasətdə dostlar yoxdur, yalnız maraqlar var”. Azərbaycan üçün əsas çağırış – xarici təzyiqlərə boyun əymədən və təşəbbüsü itirmədən bu balansı qorumaqdır. Dünya dəyişir, ittifaqlar formalaşmazdan əvvəl maraqlar dəyişir və bu şəraitdə tendensiyaları qabaqlamaq və öncədən hərəkət etmək uğurun əsas açarıdır. Azərbaycan bu prinsipə əməl edərək, Avrasiya xəritəsində müstəqil və nüfuzlu oyunçu kimi mövqeyini gücləndirməkdə davam edir...
Fuad Rəsulov - pressklub.az