
BELARUSDA MÜXALİFƏTSİZ PARLAMENT FORMALAŞDI
Belarusda sentyabrın 23-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri məlumdur. “Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina sentyabrın 24-nə keçən gecə jurnalistlərə deyib ki, 110 seçki dairəsinin 109-da seçki baş tutub. O, Qomel vilayətindəki dairələrin birində alternativsiz mübarizə aparan şəxsin mandat ala bilmədiyini, orada təkrar seçki keçiriləcəyini bəyan edib.
Aparıcı müxalifət partiyalarının – Belarus Xalq Cəbhəsi və Birləşmiş Vətəndaş Partiyasının boykot etdiyi seçkidə müxalif düşərgədən kiminsə uğur qazanıb-qazanmadığı bilinmir. Mərkəzi Seçki Komissiyasının sədri “Müxalifətdən parlamentə düşən varmı” sualını “Buna şübhə edirəm” deyə cavablndırıb.
İcra hakimiyyətinin seçki prosesinə müdaxilə etdiyini vurğulayan müxalifət partiyaları nəticələri tanımayacaqlarını bəyan ediblər.