![RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB?](https://dia-az.website/uploads/posts/2025-02/1739183283_0001.jpg)
16 il öncə, Bakının mərkəzində törədilən terror bir anın içində bütün ölkənin silkələmişdi. Bu hadisə dünya mediasının diqqət mərkəzində idi, xəbərlər hazırlayır, Azərbaycanın hava məkanına cavabdeh olan general-leytenant Rail Rzayevə qarşı terrorun səbəbləri haqda ən müxtəlif versiyalar tirajlayırdılar.
Həmin gün, 2009-cu il fevralın 11-də Bakıda yağmurlu qış günlərindən biri idi. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993-2009), general-leytenant Rail Rzayev yaşadığı ünvandan çıxıb xidməti maşınına əyləşmişdi. Maşın Rail Rzayevi iş yerinə - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə çatdırmalı idi. Yolüstü sürücü maşını o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudovun eyvanı altında saxlamış, sürücü düşüb yaxınlıqdakı zibil qutusuna Rail Rzayevin evindən götürdüyü tullantıları atıb geri qayıtmışdı. Arxaya çevriləndə Rail Rzayevin başının aşağı oldu]unu, ağzından qan gəldiyini görmüşdü.
Sürücü nə baş verdiyinə fərq etmədən Rail Rzayevi birbaşa Hərbi Hospitala çatdırmışdı. Orada Rail Rzayevi müayinə edən həkimlər başından güllə yarası aldığını müəyyən etmişdilər. Sonradan istintaq belə qənaətə gəlmişdi ki, Rail Rzayevə qarşı terror sürücü maşını zibil qutularının yanında saxlayan zaman gerçəkləşib. O ərazidəki “Təhlükəsiz Şəhər” kameralarının yaddaşına həkk olunan səhnədən belə görünürdü ki, Rail Rzayevin olduğu maşın zibil qutularının yanında dayanır. Sürücü maşından düşür, zibili qutuya atdığı zaman maşına arxa sağ tərəfdən kapişonlu gödəkçədə olan şəxs yaxınlaşır və geri qayıdır. Xidməti maşının salonunda, arxa sağ tərəfdəki oturacaqda əyləşmiş Rail Rzayevin baş nahiyəsinə atəşi də məhz həmin vaxt açdığı ehtimal olunur. Silahın səsboğucusu olduğundan maşından düşən sürücü Rail Rzayevə atəş səsini eşitməyib.
Əfsus ki, ölkənin təcrübəli bir general-leytenantının ölümü ilə bağlı müəmma hələ də qalır. Bu qanlı terrorun üzərindən sirr pərdəsi bu günədək götürülməyib.
Rail Rzayevə qarşı terrordan 1 gün sonra o zaman Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində olan Nəcməddin Sadıkov “Röyters” Agentliyinə açıqlama vermiş, demişdi ki, general Rail Rzayevi ölümündən 1 neçə gün əvvəl izləyiblər. Yəni Rail Rzayevin izlənməsi barədə Müdafiə Nazirliyinin rəhbərliyində məlumat olub. Bu isə o deməkdir ki, Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər generalın güdülməsindən xəbərdarmış. Belə olduqda ortaya sual çıxır - niyə nazir müavinini güdənlər barəsində heç bir tədbir görülməyib?
Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl o günlərdə bu məsələyə münasibətinə diqqət edək.
Sitat:
“Nəcməddin Sadıkova belə bir fakt məlum olubsa, bu barədə generalın özünə və nazirliyin rəhbərliyinə məlumat verilməli idi. Ola bilər ki, Sadıkov Rzayevə bu barədə deyib. Bu hadisə ilə bağlı Nəcməddin Sadıkova nə isə məlumdur”.
Nəcməddin Sadıkovun bu məsələ ilə bağlı istintaqa nə deməsi bəlli deyil.
Həmin günlərdə aktual olan suallar isə bu gün də açıq qalır.
Nəcməddin Sadıkov Rail Rzayevə izlənildiyini, güdülməsini deyibsə, onu güdənlər, izləyənlər zamanında niyə ələ keçirilməyib?
Başqa bir xüsusata da diqqət edək. Rail Rzayevin ölümündən bir gün əvvəl ölkənin hərbi prokuroru Xanlar Vəliyev tərəfindən dindirilib.
1 gün sonra öldürülən general istintaqa niyə cəlb olunub? Onu niyə şəxsən hərbi prokuror dindirib? Həmin dindirmə ilə Rail Rzayevə qarşı terrorda bağlılıq ola bilərmi? Hörmətli hərbi prokuror ölümündən bir gün əvvəl Hərbi Hava Qüvvələri komandanına hansı sualları verib?
Hadisə baş verəndən bir müddət sonra o vaxtkı baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlə yetirilməsindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirmiş, general-leytenantın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulamışdı. Baş prokuror həmçinin saxlanılan şəxslərin Rail Rzayevin qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd eləmişdi.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin(indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – E.M) qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rail Rzayev sıradan biri yox, müharibə vəziyyətində olan bir dövlətin olduqca mühüm, strateji əhəmiyyətli qoşun növünün komandanı idi. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra öldürülən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.
Qətllə bağlı bu günə qədər istintaqın, rəsmilərin cavab vermədiyi suallar var. Məsələn, müdafiə nazirinin müavini olan Rail Rzayevin Azərbaycanın Müdafiə Nazirliyindəki kabinetinə ondan icazəsiz kim girməyə cürət edərdi? Xaincəsinə öldürülən generalın yavərinə onun kabinetindəki seyfi kim açdıra bilərdi? Seyfi açdıran şəxs oradan hansı sənədləri götürüb?
Aydındır ki, Rail Rzayevin qətli birmənalı olaraq xaincəsinə siyasi terror olayıdır. Qətldən sonra Eldar Mahmudovun nağılvari versiyaları ortaya atması da məsələnin mahiyyətindən yayındırılmasına xidmət edirdi.
Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.
Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu terror aktı onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib. Üstündən 16 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.
Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında belə iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də (bax bu linkdə: BURA TIKLA ) demişdi.
Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.
Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir".
Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.
Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir.
Yeni Müsavat