![Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739305468_opens25-1-900x506.jpg)
ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə qəpik istehsalının dayandırılması ilə bağlı göstəriş verib. İstehsal xərci 2 sentdən çox olan sikkələrin tədavülə buraxıldığını bildirən Tramp bunu “böyük israf” adlandırıb.
Azərbaycanda da zaman-zaman analoji addımların atılması istiqamətində müzakirələr aparılır. Qeyd olunur ki, ölkəmizdə 10, 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir. Lakin hələlik sözügedən məsələ ilə bağlı hər hansı addım atılmayıb. Ekspertlər də bunun birmənalı qarşılanmayacağını, problemlər yaradacağını bildirirlər.
Azərbaycandan fərqli olaraq, bəzi ölkələr zamanla, məsələn, 1 və ya 2 qəpik kimi kiçik nominal qəpiklərdən imtina ediblər. Əsas səbəb isə bu qəpiklərin istehsalının yüksək xərc tələb etməs və real iqtisadi dəyərinin çox aşağı olmasıdır.
Maraqlıdır, hansı ölkələr qəpikdən imtina edib?
Globalinfo.az xəbər verir ki, bu siyahıda xüsusilə böyük ölkələrin adları yer alır.
Yeni Zelandiya – 1990-cı ildə 1 və 2 sentlik qəpikləri dövriyyədən çıxarıb. 2006-cı ildə isə 5 sentlik qəpiklərdən də imtina edib, nəticədə yalnız daha böyük nominal pullar dövriyyədə qalıb.
Avstraliya – 1992-ci ildə 1 və 2 sentlik qəpiklərdən imtina edib. Bu qərar qəpiklərin istehsalının baha başa gəlməsi ilə əlaqədar idi. Bu gün ölkədə dəyəri qəpiklərlə olan alış-verişlər yuvarlaqlaşdırılaraq hesablanır.
Finlandiya – 2002-ci ildə 1 və 2 sentlik avro qəpiklərindən istifadəni dayandırıb. Bu ölkədə alış-veriş zamanı qiymətlər yuvarlaqlaşdırılır.
Niderland – 2004-cü ildə bu ölkə Avro zonasında olmasına baxmayaraq, 1 və 2 sentlik qəpiklərdən imtina edib. Bu qəpiklər qalsa da, alış-veriş zamanı istifadə olunmur.
Danimarka – 2008-ci ildə ən kiçik nominal olan 25 ore qəpiklərini dövriyyədən çıxarıb. Ölkədə artıq kiçik nominal pullar istifadə olunmur və qiymətlər yuvarlaqlaşdırılır.
İsveç – 2010-cu ildə ən kiçik qəpik nominalı olan 50 öre qəpiklərindən imtina edib. Burada kiçik nominal pulların istifadəsi ölkə iqtisadiyyatı üçün əlverişli hesab edilmirdi.
Kanada – 2013-cü ildə 1 sent qəpiklərini dövriyyədən çıxarıb. Səbəb isə qəpiyin istehsalının dəyərindən baha başa gəlməsi idi. Ölkədə dəyəri qəpiklərlə olan əməliyyatlar isə yuvarlaqlaşdırılaraq daha böyük nominala uyğunlaşdırılır.