
“Rusiya, Ermənistan və Azərbaycanın elə bir sülh sazişi imzalamasını istəyir ki, bu, uzunmüddətli və sabit olsun, gələcəkdə yeni problemlər yaratmasın”.
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində belə deyib və Qərbin bu prosesi tələsik aparmaq cəhdlərini tənqid edib. Qaluzinin fikrincə, Qərb Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh müqaviləsi bağlamaq üçün təkid edir, amma Moskva bunun əleyhinədir. O bildirir ki, tələsik və tam düşünülməmiş razılaşmalar uzunmüddətli sabitlik yaratmaq əvəzinə, gələcəkdə yeni gərginliklərə səbəb ola bilər.
"Biz istəyirik ki, Ermənistan və Azərbaycan sülhü düşünülmüş və dayanıqlı şəkildə bərqərar etsinlər. Gələcəkdə yeni problemlər yaratmayan, uzunmüddətli sülhə zəmin hazırlayan bir sazişə ehtiyac var. Amma Qərb istəyir ki, bu saziş tez bir zamanda hansısa Qərb platformasında bağlansın. Bu isə region üçün ciddi risklər yarada bilər", – deyə Qaluzin qeyd edib.
Rusiya rəsmisi, həmçinin Ermənistanı regionda nəqliyyat yollarının açılması ilə bağlı daha aktiv olmağa çağırıb. Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli işçi qrupu bu məsələnin həlli üçün fəaliyyət göstərirdi, lakin hazırda bu proses dayanıb.
"Biz tərəfləri, xüsusilə də erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Çünki bu, yalnız Azərbaycanın və ya Rusiyanın deyil, elə Ermənistanın özü üçün də iqtisadi və strateji baxımdan vacibdir", – deyə Qaluzin bildirib.
Mixail Qaluzinin açıqlamalarından görünür ki, Rusiya Cənubi Qafqazda sülh prosesini öz nəzarətində saxlamaq istəyir və Qərbin fəallaşmasından narahatdır. Ermənistan üçün bu, mühüm qərar anıdır. Ya Qərbin təklif etdiyi sülh modelini dəstəkləyərək daha çox Avropaya yaxınlaşacaq, ya da Rusiya ilə sıx əməkdaşlıq edərək regional layihələrdə iştirak edəcək. Burada əsas sual budur: Ermənistan hansı yolu seçəcək və bu seçim onun gələcəyi üçün hansı nəticələr doğuracaq?
Sözügedən mövzuya aydınlıq gətirən rusiyalı politoloq Vitali Arkov "Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə aparan yolda çətinliklər çoxdur. Bu çətinliklər həm münaqişənin köklərinin tarixin dərinliklərinə dayanması, həm də İrəvanda sülh prosesinin sabotaj edilməsi ilə bağlıdır:
"Ermənistanda bu məsələdə nə hakimiyyət daxilində, nə də cəmiyyətdə vahid mövqe var. Azərbaycan bir tərəfdən Ermənistanla tezliklə sülh müqaviləsi bağlamaq və qaytarılmış torpaqların bərpasına tam diqqət yetirmək istəyir. Çünki burada gələcəyini quran vətəndaşlar qonşu ölkədə “Miatsum” utopiyası ilə zəhərlənmiş insanlar tərəfindən atəşə tutulmaq təhlükəsi olmadan yaşamaq istəyirlər.
Digər tərəfdən, Bakı bu mühüm məsələdə tələsməməyin vacib olduğunu hesab edir. Hazırlanan sənəddə hər bir ifadənin, hər bir sözün və hər bir vergülün üzərində diqqətlə dayanır. Çünki Ermənistan tərəfinin istənilən hakimiyyət dəyişikliklərindən asılı olmayaraq, sonradan sənədi istədiyi kimi yozmaq imkanının olmaması üçün buna ehtiyac var. Axı erməni rəhbərlərinin ən çox sevdiyi üsul məhz budur. Bunun üçün təkcə Ermənistanın Baş naziri Nikol Paşinyanın beynəlxalq öhdəlikləri yerinə yetirməkdən necə imtina etdiyini xatırlamaq kifayətdir.
Xüsusilə, o, açıq şəkildə iddia edir ki, 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi və onun Rusiya sərhədçilərinin nəzarətinə verilməsi haqqında heç nə deyilmir. Əgər əvvəllər İrəvan prosesi ləngidir, Bakıya qarşı absurd iddialar irəli sürərək sazişin tezliklə imzalanmayacağı mesajını verirdisə, indi Nikol Paşinyan qəfil olaraq artıq razılaşdırılmış hissələrin imzalanmasına hazır olduğunu bəyan edir.
Guya qalan məsələlər zamanla həll olunacaq. Lakin Azərbaycan haqlı olaraq buna etiraz etdi. Çünki sənəddə əsas bəndlər yoxdur və Ermənistan hələ də konstitusiya səviyyəsində ərazi iddialarından imtina etməyib. Bakı dərhal İrəvanın hiyləsini başa düşdü”.
Ekspert vurğulayıb ki, Kreml Ermənistan və Azərbaycanı üçtərəfli Bəyanat və onun əsasında qəbul olunmuş sənədlərdəki bütün öhdəliklərə dəqiq riayət etməyə çağırır. Bu, regionu tamamilə sülhə qaytarmağa imkan verəcək:
"Bu arada, Qərb Paris və Brüssel timsalında açıq şəkildə İrəvanın mövqeyini dəstəkləyir. Hətta Avropadakı bəzi siyasətçilər artıq Bakıya təzyiq göstərərək, Azərbaycanı Zəngəzur (Sünik vilayəti) ərazisindən keçən və Sovet dövründə mövcud olmuş avtomobil və dəmir yolu əlaqəsini bərpa etmək fikrindən daşınmağa çağırırlar.
Guya əks halda, Ermənistan heç bir sülh müqaviləsi imzalamayacaq. Başqa sözlə, onlar açıq şəkildə göstərirlər ki, Ermənistana əslində kimin qərar verdiyini gizlətmirlər. Üstəlik, Fransa və bir sıra digər kollektiv Qərb ölkələrinin eyni zamanda Ermənistana hücum silahları tədarükünü artırdığı nəzərə alınarsa, onların Cənubi Qafqazdakı həqiqi niyyətləri aydın olur”.
Səbinə Uğur
"Cebheinfo.az"