Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında qeyri-müəyyənlik davam edir.
Ötən gün Ermənistan Xarici Kəşfiyyat Xidməti yaydığı hesabatda İrəvanın KTMT-də üzvlüyünün dondurulması prosesinin 2025-ci ildə də davam etdiriləcəyini bildirdi.
KTMT isə bəyanata baxmayaraq, Ermənistanı hələ də özünün müttəfiqi hesab etdiyini açıqladı.
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Moskvanın İrəvana belə səbirli yanaşması düşdüyü vəziyyətlə əlaqədardır:
“Ukrayna müharibəsi, Qərb ilə konfrontasiya, Azərbaycandan istənilən üzr və öncəsində isə Qarabağ məsələsi Rusiyanın prestijinə zərbə vurmaqla yanaşı, Ermənistan qarşısında da çətin duruma salıb. Kreml İrəvanı itirmək istəmir.
Yanvarın 21-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüş zamanı tərəflərin bir-birinə rəftarı da bunu deməyə əsas verir. Rusiya Ermənistana münasibətdə xüsusilə səbirli davranır.
Kreml başa düşür ki, Ermənistanı itirərsə, bu, ancaq Qərbə sərf edəcək. Yəni nəticədə Qərb İrəvanı təsir dairəsinə salacaq. Əslində vəziyyət böyük ölçüdə belədir. Ermənistanın KTMT-ni tərk etmək istəməsi də məhz Qərbin təsirinə görədir”.