Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin onun şəxsi düşməni olması barədə açıqlamasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov həm də Zelenskinin Putinin düşməni olub-olmaması sualına da cavab verib.
Onun sözlərinə görə, burada emosiyalara yer ola bilməz və olmamalıdır.
“Burada hüquqi təhlil və mütləq praqmatizm üçün yer olmalıdır. Baş verənlərdən tam xəbərdar olmaq lazımdır. Bizim təhlilimiz göstərir ki, cənab Zelenskinin öz ölkəsində legitimliyi baxımından de-yure böyük problemləri var. Buna baxmayaraq, Rusiya tərəfi danışıqlara açıq qalıb. Yerdəki inkişafın dinamikası, xüsusi hərbi əməliyyatın gedişatının dinamikası birmənalı şəkildə göstərir ki, ilk növbədə, açıqlıq və bu cür danışıqlara maraq Kiyevdən nümayiş etdirilməlidir”, - deyə Putinin mətbuat katibi vurğulayıb.