
"Həmrəylik və siyasi dialoq mühitinin təşviq olunması həm cəmiyyət, həm də siyasi qüvvələr üçün hər zaman aktuallığını qoruyan məsələdir. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi də bu prosesin bir tərkib hissəsidir".
Bunu "Sherg.az"a açıqlamasında Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” hotelində keçirilən dəyirmi masanın iştirakçısı Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsini, eləcə də siyasi dialoq mühitinin təşviq olunmasını yüksək qiymətləndirir:
"Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqları və yeni münasibətləri siyasi müstəvidə dəyərləndirmək baxımından olduqca əhəmiyyətlidir. Suverenliyimizin bərpasından sonrakı dönəmdə siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması məsələsinə həm də milli birlik və həmrəylik kontekstindən yanaşmağımız zəruridir. Çünki suverenliyimizin bərpası vətəndaşlarla yanaşı, siyasi qüvvələrin də məsuliyyət hissini ikiqat artırır. Qalib ölkənin siyasi qüvvələrinin fəaliyyətində əsas prioritetlərdən biri də məhz suverenliyin möhkəmləndirilməsinə bu və ya digər şəkildə töhfə vermək olmalıdır. Qalib ölkənin siyasi qüvvələrinin fəaliyyəti məğlub ölkənin ictimai-siyasi təşkilatlarının davranış tərzindən ilk növbədə məhz bununla fərqlənməlidir. Müqayisə üçün gəlin bir anlığa məğlub Ermənistanın siyasi vitrininə, siyasi palitrasına nəzər yetirək. Qalib Azərbaycan ilə məğlub Ermənistanın siyasi mühitləri bir-birindən köklü şəkildə fərqlənir. Hazırda Ermənistanın siyasi mühitində sözün əsl mənasında hərcmərclik, mənəvi-psixoloji ruh düşkünlüyü, ümidsizlik və qarşıdurma hökm sürür. Ermənistanın siyasi qüvvələri bir-birini didib-parçalamağa hazırdır. Bu gün Ermənistanın siyasi dairələrində milli birlik, həmrəylik təşəbbüsləri demək olar ki, yox dərəcəsindədir. Bütün bunlar isə heç şübhəsiz ki, məğlub ölkənin suverenliyini də ciddi şəkildə təhdid edir".
Siyasi şərhçiyə görə, müstəqil və suveren dövlətə sahib olmaq, həqiqətən də, böyük üstünlükdür, böyük avantajdır:
"Bu gün biz belə bir üstünlüyə sahibik. Bu üstünlüyümüzü qoruyub saxlamaq və suverenliyimizi daha da möhkəmləndirmək isə hər birimizin üzərinə olduqca ciddi vəzifələr qoyur. Siyasi partiyalar milli birliyimizi zəiflətməyə çalışan qüvvələrin, suverenliyimizə təhdid yaradan proseslərin qarşısının alınmasında iqtidarla əməkdaşlığı davam etdirməyi daim diqqətdə saxlamalıdırlar. Suverenliyin qorunmasına dəstək vermək hər bir siyasi təşkilatın ən ümdə prioriteti olmalıdır".
İsmayıl