![Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur...](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738872275_unnamed-2025-02-06t115117.582.jpg)
"ABŞ-nin Ermənistana dəstəyinin ən effektiv yolunun hansı olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhə nail olmaqla bağlı gündəliyin ABŞ siyasi elitasının prioritetlərш siyahısına daxil edilməsi çox vacib olardı".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə deyib. O, Amerika paytaxtına işgüzar səfərində arzu etdiyi qarşılanmasa da, ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ siyasi elitası üçün prioritet olacaq. Bu ümidin qaynağıтжт cəmi iki həftədir Ağ Evdə əyləşsə də Amerikanın əsas strateji ticarət tərəfdaşlarına və müttəfiqlərinə meydan oxuyan Tramp administrasiyası olmadığı məlumdur. Yeni liderin simasında indi ABŞ dünyada etibarlı müttəfiqdən daha çox qorxulu kabusa çevrilib. Avropada, Kanadada, Latın Amerikasında keçirilən sorğularda Birləşmiş Ştatlar təhlükə mənbəyi kimi Çini, Rusiyanı, Şimalı Koreyanı geridə qoyduğu görünür. Maraqlıdır, Tramp hökuməti hansı cəhətləri ilə Paşinyanın gözünə “sülh göyərçini”, ümid qaynağı kimi görünür? Baş nazir bu barədə geniş danışmayıb, ABŞ-dən ümid etdiyi dəstəyin nəyə əsaslandığını, nə qədər real olduğunu da təsvir etməyib.
Vədlərini siyasi qərarlara çevirib, sonra da geri oxuyan, ziddiyyətli, qarmaqarışıq açıqlamalar verən Tramp sürətlə öz komandası üçün problemə çevrilir. Dövlət Departamenti, Konqres, hətta Ağ Evdə ona müqavimət göstərməyə, Trampdan ABŞ-nin milli maraqlarını qorumağa çalışırlar. Məsələn, dövlət katibi ABŞ-nin dünyada “yumşaq güc” qaynağı hesab edilən, Ermənistanda Paşinyan tərəfdarlarının da bol-bol bəhrələndiyi Beynəlxalq İnkişaf Agentliyini (USİAD) güc-bəla ilə bağlanmaqdan xilas edib. Prezident siyasi hakimiyyətdə böyük rol verdiyi milyarder İlon Maskın tövsiyəsi əsasında təşkilatı tarixin arxivinə göndərməkdə qərarlı idi.
ABŞ-də bu gedişatın tendensiyaya çevriləcəyi gözləniləndir, ölkə mediası isə iki həftə ərzində siyasi hakimiyyətin verdiyi daxili qərarların cəmiyyəti düşmənçiliyə, qarşıdurmaya sürüklədiyindən əndişilənir. Çünki Trampı sevməyən, yaxud rəqib partiyadan olan on minlərlə bürokrat, hüquq mühafizə, vergi, ədliyyə orqanlarının, başqa dövlət strukturlarının əməkdaşları vəzifədən qovulur. Yerli media “əcinnə ovu˝ adlandırdığı kampaniyada minlərlə hərbiçi, diplomat, kəşfiyyatçı, prokuror hər hansı izahat verilmədən işdən qovulmasından, həmin vəzifələrə Trampa loyal olanların gətirilməsindən yazır. Qeyd olunur ki, bu “təmizləmə əməliyyatları˝ təhlükəsizlik orqanlarında ciddi narahatlıq və narazılıq doğurur.
Miqrantlara qarşı vüsət alan kampaniya artıq ABŞ-də əks reaksiya doğurur, müxtəlif şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Media ən böyük təhlükələrdən biri kimi Trampın FED-ə nəzarəti ələ keçirmək cəhdini qeyd edir. “The Wall Street Journal˝-ın yaydığı məlumata görə, Tramp komandasında FED-ə nəzarət funksiyalarının prezidentə verilməsi məsələsi ciddi şəkildə müzakirə olunur. Tramp özü də Amerika iqtisadiyyatının bütün problemlərinin FED-dən qaynaqlandığını iddia edir: “FED gender oyunbazlıqlarına, yaşıl energetikaya, iqlim dəyişikliyi fırıldaqğına böyük yatırımlar qoymasaydı, Amerika iqtisadiyyatı belə problemlərlə üzləşməzdi˝.
Ekspertlər ABŞ-nin xarici siyasətindən postsovet respublikalarının iki əsas istiqamət üzrə təsirlələnəcəyini qeyd edirlər:
Birincisi, Vaşinqton Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəkmi? Atəşkəs və ya sülh müqaviləsi hansı şərtlər əsasında imzalanacaq? Daha sonra Rusiya-ABŞ, həmçinin Avropa-Rusiya münasibətlərində hansı dönüş baş verəcək? Rusiyaya qarşı sanksiyalar götürüləcəkmi, Putin və ətrafı siyasi blokadadan çıxarılacaqmı?
İkinci istiqamət Birləşmiş Ştatlar-İsrail ittifaqının Yaxın Şərq və İrana qarşı vahid siyasətinin hansı prinsiplər üzərində müəyyənləşəcəyidir. İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar olacaqmı? Tehranın nüvə proqramının aqibəti necə olacaq? İsrail Yaxın Şərqdə İranın “müqavimət oxu”-na qarşı il yarımdır apardığı uğurlu hərbi kampaniyanı dayandıracaq, yoxsa daha da genişləndirəcək?
Bu və ya başqa sualların cavabı hələ məlum deyil, hələ ki, gizli danışıqlar mərhələsidir, diplomatlar, siyasətçilər pərdə arxasında razılaşma əldə etməyə çalışırlar, daha sonra görüşmək, siyasi bəyanatlar vermək niyyətindədirlər.
Cənubi Qafqaz həm Rusiyanın, həm də İranın qonşusudur, dünyanın bilavasitə hədəfləndiyi bu ölkələrlə bağlı problemlərin həlli, yaxud daha da kəskinləşməsi regiondakı siyasi, təhlükəsizlik ab-havasını müəyyən edəcək. Amma açar məsələlərdən biri də ölkələrin öz aralarında ziddiyyətlərin həll olunmasına çalışmasıdır. Yalnız beynəlxalq güclərin maraqlarına köklənib qeyr-müəyyən gələcəyə ümidlə baxmaq bir ölkənin lider üçün uzaqgörənlik sayıla bilməz. Necə ki, ABŞ-də Bayden hökumətinə Ukraynanın, eləcə də Ermənistanın bəslədiyi ümidlər özünü doğrultmadı. Bu mərhələni geosiyasi turbulensiyanın daha şiddətli dövrü əvəz edib, indi silkələnmələrdən zədəsiz qurtulmaq daha çətindir və siyasi müdriklik tələb edir.
Nikol Paşinyanın son bəyanatlarında kövrək də olsa siyasi reallıqlardan qidalanan praqmatik yanaşmalar hiss olunur. “Erməni soyqırımı” ilə bağlı həqiqətlərin bir qismini dilə gətirməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması barədə Bakının gözləntilərinə bir qədər də yaxınlaşması, digər tələblərin də yerinə yetirilməsinə dair işarələr verməsi nikbinliyə əsas verir. Amma fundamental məsələlərdə atılası çox addımlar var: Avropa İttifaqı missiyasının daha 2 il Ermənistanda qalacağına dair qərar, Fransa, Hindistanla qurulan hərbi əlaqələr, ölkəyə daşınan hücum silahları Azərbaycanı ciddi narahat edir. Paşinyanın ABŞ-nin Cənubi Qafqazda sülhü prioritetə çevirmək arzusu nə qədər reallıqdan uzaqdırsa, Baş nazirin heç arzulamadığı hadisələr o qədər yaxındadır. Bunu ən yaxşı elə onun özü bilir. Dəfələrlə deyib ki, Ermənistanın hələ “kupçası” yoxdur, bunu həll etmək birinci vəzifədir, əks halda, dövlət olaraq mövcudluğunu itirəcək...