![Məktəb müəllimlərinə magistratura tələbi gəlir? Məktəb müəllimlərinə magistratura tələbi gəlir?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738872494_7d11ae8854504c96915c4140789917fd_1738847096-full.jpg)
Kolleclərdə "Müəllimlik" ixtisası tədricən ləğv ediləcək.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.
"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.
O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.
Təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında nazirlik tərəfindən həyata keçirilməsi planlaşdırılan bu qərarın effektivliyindən danışıb.
“Nəzərinizə çatdırım ki, Azərbaycanın orta ixtisas təhsili müəssisələrində müəllimlərin kadr hazırlığı həyata keçirilirdi. Son iki-üç ildə isə kolleclərdə artıq bu ixtisaslar ləğv olunub. Bunun da səbəbi hər bir kəsə məlumdur. Çünki bizə subbakalavr pilləsində deyil bakalavr pilləsində yəni ali təhsil almış müəllimlərin yetişdirilməsi lazımdır. Hətta gözləntimiz bundan ibarətdir ki, gələcəkdə biz pedoqoji yönümlü ixtisaslarda magistratura pilləsini bitirmiş şəxsləri daha çox tələb edəcəyik. Tədricən bilik və bacarıqları daha yüksək olan şəxslər pedoqoji ixtisaslara cəlb olunacaqlar”.
Ekspert bildirib ki, orta ixtisas təhsilini bitirən pedoqoji yönümlü ixtisaslarda kadr hazırlığı həyata keçirilməsinə imkanın yaradılması dövlətimizin müstəqillik əldə etməsindən sonrakı dövrə düşür.
“Həmin dövrlərdə Azərbaycanda kadr ehtiyacı çox, kadr ehtiyatı isə az idi. Məhz bu səbəbdən həmin dövrdə kolleclərdə müəllim hazırlığına icazə verildi. Tədricən sertifikasiya proseslərinin nəticələrindən sonra məlum oldu ki, pedoqoji kadr hazırlığının bu forması o qədər də effektiv deyil. Bu da onu deməyə əsas verdi ki, pedoqoji təhsil artıq yalnız ali təhsil səviyyəsində tədris oluna bilər”.
Elçin Əfəndi qeyd edib ki, pedoqoji hazırlığın yalnız ali təhsil səviyyəsində aparılması gələcəkdə rəqabətliliyi artıracaq və daha savadlı müəllimlərin yetişdirilməsinə yardım edəcək.