
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub". 24News.ge xəbər verir ki, bu barədə Dubayda jurnalistlərə müsahibəsi zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. O qeyd edib ki, Gürcüstan tərəfinin bu təklifi İlham Əliyev tərəfindən xoş qarşılanıb və baş nazir bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan prezidentinə təşəkkür edib: “Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”. Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır: “Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib. Sayt xatırladır ki, aprel ayından Azərbaycan-Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair məlumatlar bir sıra xəbər saytlarında yer almaqdadır.
Quru sərhədlərin açılmasını Azərbaycan əhalisi 5 ildir gözləyir. Hələ indiyədək bu qədər uzun müddətə sərhədlərin bağlı qaldığı görünməmişdi. Quru sərhədlərin bağlanmasına səbəb əlbəttə ki, koronavirus pandemiyası oldu. Lakin dünyada COVİD-19 pandemiyası artıq bitib. Koronavirusun çoxsaylı ştamlarına da artıq dünya vərdiş edib. Azərbaycan, bəlkə də, azsaylı ölkələrdəndir ki, quru sərhədləri hələ də bağlı qalmaqdadır. Təbii ki, səbəb təkcə pandemiya səbəbiylə tətbiqi hələ də davam edən xüsusi karantin rejimi deyil. Ölkəmizin yerləşdiyi regionda bəzi hallarda artan gərginlik də ayıq-sayıqlıq tələb edir. Lakin mütəxəssislər də bu fikirdədir ki, ən azından dəmir yolu xəttiylə qonşu ölkələrə gediş-gəliş üçün imkan yaratmaq mümkündür, Azərbaycan əhalisinin Gürcüstan, Türkiyə, eləcə də Rusiya ilə sıx qohumluq və ticarət əlaqələri nəzərə alınmaqla. Gürcüstanda valideynləri, doğmaları yaşayan vətəndaşlarımız 5 ildir ki, bu ölkəyə gedib-gəlməkdə çətinlik çəkir. Hava nəqliyyatın hər kəsin büdcəsinə uyğun olmadığı nəzərə alınmalıdır. Gürcüstanla quru sərhədlərin açılması, dəmir yolu vasitəsilə gediş-gəlişin bərpa edilməsi minlərlə insanın doğmalarına, dədə-baba yurduna qovuşması deməkdir. Eyni zamanda bununla ticarət əlaqələrinin də genişlənəcəyi danılmaz faktdır.
İqtisadçı Natiq Cəfərli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təkcə dəmir yolu nəqliyyatının deyil, ümumiyyətlə, quru sərhədlərin tamamilə açılması yaxşı olardı:
- Amma indiki situasiyada dəmir yolu xəttinin açılması, sərnişin qatarlarının hərəkətə gəlməsi daha real görünür. Gürcüstan Baş nazirinin təklifi müsbətdir, reallaşarsa, əlbəttə, çox sevindirici hal olacaq. Bundan əvvəl Türkiyə tərəfindən də oxşar təkliflər səslənib. Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirilir. Qarsdan isə Ankara, İstanbul istiqamətində qatarlar rahat bir şəkildə hərəkət edir. Yükdaşımalar varsa və heç bir təhlükə yoxdursa, sərnişin daşımaları da reallaşdırıla bilər. Həm Gürcüstan, həm də Türkiyə ərazisi ilə dəmir yolu səfərləri başlasa, Azərbaycan da buna qoşula bilər. Azərbaycan cəmiyyətində belə bir gözlənti var ki, aprelin 1-dən sonra dəmir yolu ilə sərnişin daşımalarına başlana bilər. Çünki elan edilmiş növbəti xüsusi karantin rejimi aprelin 1-i bitir. Azərbaycan Dəmir Yollarından da belə bir açıqlama verilmişdi ki, ölkələrarası sərnişin daşımalarını həyata keçirmək üçün hazırlıqlar davam edir. Hesab edirəm ki, aprelin 1-dək ay yarım vaxt var və bu vaxt ərzində hazırlıqlar tamamlana bilər. Quru sərhədlərin ən azından dəmir yolundan istifadə edilməklə açılması mümkündür. Məncə, burada hər hansı təhlükəni neytrallaşdırmaq daha asandır. Sərnişinlərin sənədləri keçid postlarında yoxlanacaq, yüklər yoxlanacaq, necə ki bundan öncə belə idi. Bakı-Tbilisi sərnişin qatarı Gürcüstan sərhədinə çatdıqda sərnişinlərin sənədləri yoxlanırdı. Burada problemli bir hal görmürəm. Əksinə, dəmir yolu səfərlərini Bakı-Tbilisi-Qars istiqamətində də təşkil etmək, marşrutun əhatəsini genişləndirərək Türkiyənin digər şəhərlərinə də səfərlər təşkil etmək olar. Bununla biz insanlarımızın rahat gediş-gəlişini, təkcə təyyarə ilə deyil, dəmir yolu nəqliyyatından da istifadəsini təmin etmiş olarıq.