
2025-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 0,9 faiz azalıb. Bu isə müxtəlif aspektlərdən dəyərləndirilib və müəyyən narahatlıq doğurub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir.
İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, yanvar ayında ÜDM-in 0,9 faiz azalması arzuolunan hal olmasa da, bu tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz:
“İlin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər. Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər.
Odur ki, iqtisadiyyatın əsas sektorlarında canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmirəm.
Amma bütün hallarda 0,9 faizlik azalma ciddi siqnal olaraq qəbul edilməlidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb”.
Digər ekspert Xalid Kərimli isə “Sherg.az"a açıqlamasında deyib ki, statistikanın aşağı düşməsi əsasən neft sektorundakı geriləmə ilə bağlıdır:
"Bildiyiniz kimi, ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Neft sektorundakı 4 faizli geriləmə də ümumi iqtisadiyyatın 1 faiz geriləməsinə gətirib çıxarıb”.
Neft-qaz sənayesindəki azalmanın son illər daimi xarakter aldığını vurğulayan ekspert deyib ki, növbəti illərdə hasilatın daha da azalacağı gözlənilir:
"Neft hasilatında sabitləşdirmə o qədər də mümkün olmur. Hökumət isə çalışır ki, hasilatı artırmaq mümkün olmasa da, heç olmasa, azalma sürətli olmasın. Çox təəssüf ki, qeyri-neft sektorundakı artım da gözlənilən kimi olmadı. Cəmi 1,0 faiz artım qeydə alınıb ki, bu da çox kiçik rəqəmdir. Onu da qeyd edim ki, 2025-ci il üçün ciddi artım proqnozlaşdırılır. Bu il artım ili olacaq”.