
Ermənistan mediası Bakı və İrəvan arasında Zəngəzur dəhlizinin açılması barədə yekun razılıq olduğunu yazıb. İddia edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan pərdəarxasında dəhlizin “maneəsiz keçid” prinsipi ilə açılmasına razılaşıb. Artıq bu istiqamətdə işlər aparıldığı qeyd edilir. AzTV-nin sözügedən məsələ ilə bağlı hazırladığı süjet də bu baxımdan diqqət çəkir.
Doğrudanmı Ermənistan Zəngəzur dəhlizinin Bakının şərtləri ilə açılmasına razılaşıb?
Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı məsələnin razılaşdırılacağını bəyan edib:
“Fikrimcə, yüklərin daşınmasında hər hansı problem olmayacaq. Yüklər Bakıdan plomblanaraq göndəriləcək və plomb Naxçıvanda açılacaq. Çünki dünyada belə praktika mövcuddur. Məsələn, Rusiya ilə Litvanın münasibətləri yaxşı deyil, amma yük daşınır və plomb Kalininqradda açılır. Ona görə düşünürəm ki, bizdə də eyni rejim tətbiq olunacaq”.
Sabiq nazir vurğulayıb ki, əsas məsələ gələcəkdə sərnişinlərin daşınmasıdır:
“Sərnişinlər” dedikdə ağıla ilk təhlükəsizlik məsələsi gəlir. 10 Noyabr sazişinə təhlükəsizliyin qorunması ilə bağlı bənd boş yerə əlavə olunmayıb. Yükdən öncə sərnişinlərin işini həll etməyin yolunu tapmaq lazımdır. Yük daşınması asan razılaşdırılacaq. Çünki ermənilər də buna maraqlıdır. Onlar da istəyirlər ki, Naxçıvan vasitəsilə yükləri Rusiyaya rahat şəkildə göndərsinlər. Ermənistanın yeganə yolu Yuxarı Larsdır. Əvvəllər yükü Suxumi ilə aparırdılar, amma indi Abxaziya işğal altında olduğu üçün dəmir yolu işləmir. Ermənilər hansısa yükü Azərbaycan ərazisindən Rusiya göndərmək istəyirlər. Əslində, buna görə bizə ödəniş edəcəklər ki, bu da büdcəyə gedəcək”.
E.Məmmədyarovun fikrincə, sərnişinlərin daşınması mövzusunda ermənilərə güvənmək olmaz:
“Qəti şəkildə ermənilərə güvənmək olmaz! Hazırda sərnişinlərin daşınması böyük təhlükədir. Allah eləməsin, sabah vətəndaşlarımıza hücum etsələr, Azərbaycan nə etməlidir?! Əlbəttə ki, döyüşlər olmasa da, gərginlik yaşanacaq. Yüklərin daşınması ilə bağlı maneə görmürəm. Lakin sərnişinlərin təhlükəsizliyi məsələsi birinci yerdə dayanır və ən ciddi məsələdir. İnşallah, gediş-gəliş birmənalı şəkildə bərpa olunacaq. Buna şübhə etmirəm. Sadəcə, zaman lazımdır”.