"Lerik rayonunda bələdiyyə seçkiləri başlamamış bitmişdi, nəticələr bəlli idi. Artıq hamı bilirdi ki, hansı kənddə kimlər seçiləcək, sədr və sədrin müavini kim olacaq. Bütün bunlar rayon icra başçısının otağında başçının müavini Habil Məlikov, dəfələrlə adı korrupsiyada hallanan icra hakimiyyətində Ərazi İdarəetmə Şöbəsinin müdiri işləyən Əlipənah Bayramov və Əkbər Abbasovun "sağ əli", ağsaqqalı olan maliyyə idarəsinin müdiri Hafiz İmanovun iştirak və məsləhətləri ilə çoxdan həll olmuşdu".
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə seçkidən əvvəl rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb ərazi icra nümayəndələrinə təqdim edilən siyahı olub. Bu siyahıda seçki günü hansı namizədlərin "seçiləcəyi" aydın qeyd edilib.
İddia olunur ki, seçki qutusundan çıxacaq bələdiyyələrin siyahını Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tərtib edib.
Əldə etdiyimiz məlumata görə seçki günü Habil Məlikov, Əlipənah Bayramov, Dairə Seçki Komissiyasının sədri Firdovsi Fazilov (Firdovsi Əkbər müəllimin yeni kadrı və maliyyə mənbəyidir) seçkini öz otaqlarından, icra nümayəndələri kəndlərdə və Hafiz İmanov və onun kürəkəni Ramal Məstiyev (şəhər icra nümayəndəsi) şəhər məntəqələrini bir-bir gəzməklə idarə ediblər. Hafiz İmanov əlində olan siyahı ilə məntəqələrdə nəzarət edib, kimlərin neçə səs almasını tənzimləyib.
Daha ilginc məqam isə İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin seçiləcək namizədlərlə bəzi "profilaktik" söhbətlər aparmasıdır.
Qlobal.az məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Qeyd edək ki, Lerik rayonunda əvvəl 29 bələdiyyəsi olsa da, hazırda 10 bələdiyyə fəaliyyət göstərir.
Xatırladaq ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. Əkbər Abbasov 2022-ci ilin iyul ayından Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.