
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında sülhə nail olmaq üçün lazım gəlsə vəzifəsini tərk etməyə hazır olduğunu bildirib: “Əgər sülh naminə həqiqətən mənim vəzifəmi tərk etməyimi istəyirsinizsə, mən hazıram. Mən bunu Ukraynanın NATO-ya üzvlüyü ilə dəyişə bilərəm”. Zelenski əlavə edib ki, onilliklər ərzində hakimiyyətdə qalmaq niyyətində deyil: “Amma Vladimir Putinin Ukraynaya nəzarət etməsinə imkan verməyəcəm. ABŞ Rusiya ilə müharibəni dayandırmaq üçün razılığa gəlsə, Ukraynanın bunun şərtləri ilə razılaşmadığı halda uğur əldə edilməyəcək”.
Ukrayna Prezidenti qeyd edib ki, Vaşinqtona Ukraynanın təbii ehtiyatlarına çıxış imkanı verən saziş üzrə danışıqlar davam edir: “Hər şey qaydasındadır”.
Ukrayna lideri Vaşinqtona 500 milyard dollar borcu tanımadığını və mineral ehtiyatlarla bağlı danışıqlarda artıq bu məbləğin nəzərə alınmadığını bildirib. Onun sözlərinə görə, Ukraynaya qrantlar borc hesab edilməməlidir.
“Prezident Donald Trampı təkcə Kiyev və Moskva arasında vasitəçi kimi deyil, həm də Ukraynanın tərəfdaşı kimi görmək istəyirəm. Ukraynanın dəfələrlə Rusiyanın bir daha hücum etməyəcəyinə dair uzunmüddətli qarantiyalara ehtiyacı var”, - Zelenski bəyan edib.
Ukrayna lideri həmçinin Türkiyəni Ukraynanın təhlükəsizliyinin mühüm təminatçısı hesab etdiyini vurğulayıb
Zelenskinin açıqlamaları Vaşinqtonun Moskva ilə birbaşa yüksək səviyyəli danışıqlar aparması fonunda transatlantik Alyansda çatların yarana biləcəyi ilə bağlı narahatlıqlar fonunda verilib. Bu barədə “Amerikanın Səsi” yazıb. Bildirilib ki, Tramp keçən həftə Zelenskini tənqid edib və onun münaqişənin başlanmasına görə məsuliyyət daşıdığını söyləyib. Lakin o, sonradan “Fox News” radiosuna verdiyi müsahibədə bu şərhlərdən geri çəkilərək, Zelenskinin Rusiyanın hücumuna icazə verməməli olduğunu bildirib.
Zelenski isə öz növbəsində Trampın “dezinformasiya şarın”da yaşadığını deməklə Vaşinqtonda qəzəb yaradıb.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bazar günü CNN telekanalına bildirib ki, gələn həftə təbii ehtiyatlarla bağlı razılaşmanın əldə olunacağını gözləyir.
Zelenski deyib ki, razılaşma Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva etməlidir və Amerika hərbi qüvvələrinin ölkədə yerləşdirilməsi məntiqlidir.
Avropa liderləri Zelenskiyə qoşularaq, Qərbdə fikir ayrılıqları ilə bağlı təhlükələr və ölkələrinin müharibəni bitirmək üçün danışıqlardan kənarda qalmasından narahat olduqlarını bildiriblər. Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kier Starmer Avropada ABŞ Prezidentinin Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda bu həftə Vaşinqtona səfər edəcəklər.
Qeyd edək ki, Rusiya hazırda Moskvanın 2014-cü ildə birtərəfli qaydada ilhaq etdiyi Krım yarımadası və Ukraynanın şərqinin böyük hissəsi də daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizinə nəzarət edir. Kremlin sözçüsü Dmitri Peskov bazar günü Moskvanın Ukraynanın bu ərazilərinin Kiyev hökumətinə qaytarmaq niyyətində olmadığını bildirib.
“İnsanlar çoxdan Rusiyaya qoşulmağa qərar verib”, Peskov Ukraynanın şərqində Rusiyanın hərbi müdaxiləsinin davam etdiyi vaxt Moskva tərəfindən təşkil edilən və Kiyev, Qərb və beynəlxalq müşahidəçilər tərəfindən “saxta” kimi tənqid edilən edilən seçkilərə toxunaraq deyib.
Trampın iki həftə əvvəl Putinlə telefon danışığı Rubio və Lavrovun Səudiyyə Ərəbistanında danışıqları üçün zəmin yaradıb.
“Bu, iki fövqəladə prezident arasında dialoqdur”, Kremlin sözçüsü Peskov deyib.
Ayna.az