Ötən ilin dekabr ayının 25-də baş verən məlum təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırma hələ də davam edir. Təyyarə qəzası ilə bağlı açıqlanan hesabatdan sonra Rusiya ilk reaksiyanı verdi. Rusiya tərəfi AZAL-ın təyyarəsində aşkar edilmiş yad elementlərin nümunələrini hələ də almayıb.
Bu barədə Rusiya telekanalına ölkənin aviasiya xidmətindəki mənbədən bildirib.
Mənbənin sözlərinə görə, aşkar edilmiş nümunələrə çıxış imkanı olmadığına görə, xarici KİV-lərin təyyarənin “Pantsir” Hava Hücumundan Müdafiə raket sistemindən vurulması ilə bağlı iddiaları, ən azı, əlavə araşdırma tələb edir.
Göründüyü kimi, Rusiya indidən faktlardan yayınmaq, inkardan gəlmək yolu tutur. Azərbaycan tərəfin israrlı tələblərinə baxmayaraq, rəsmi Moskva hələ də ondan gözlənən addımları atmır.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyanın törətdiyi bu cinayət ilk gündən cəmiyyətdə böyük reaksiyaya səbəb oldu:
“Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti anlayırdı ki, təyyarə qəzası təsadüfən baş verməyib. Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin əməlləri nəticəsində təyyarə ağır şəkildə zədələnib, sonra isə çox uzaq məsafəyə uçmaq məcburiyyətində qalıb. Təyyarə ekipajının cəsarəti, peşəkarlığı sayəsində sərnişinlərin bir qisminin həyatını xilas etmək mümkün oldu. Təyyarənin harada və kim tərəfindən vurulmasından asılı olmayaraq onun Rusiya ərazisinə eniş etməsinə imkan verilməli idi. Lakin bu baş tutmadı. İlk andan Rusiya qəzanın səbəblərini təkzib etməkdə davam edirdi. Bütün bunlar onu deməyə əsas verir ki, bu daha öncədən planlaşdırılmış bir hadisə idi. Rusiya heç bir halda əməlini üzərinə götürmək istəmədi. Çünki bu etiraflar zəncirvari olayları aşkara çıxardacaqdı. Təyyarə qəzasının sadə bir qəza olmadığından xəbər verir. Rusiya mətbuatı üçün ənənəvi olan situasiya ilə qarşılaşdıq”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya siyasi və hərbi dairələri əslində həmin gün nə baş verdiyini çox yaxşı bilirlər:
“Ona görə də onlara hansısa elementlərin təqdim olunmasına, araşdırmalarla bağlı hansısa məlumatların verilməsinə ehtiyac yoxdur. Çünki hadisə Rusiyada elə bu ölkəyə aid Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən baş verib. Bütün proseslər rəsmi Moskvanın siyasi iradəsi ilə baş verir. Rusiya üzrxahlıqla yanaşı təzminat da ödəməli, səbəbkarların cəzalandırılmasını həyata keçirməlidir. Bu baş vermədiyi halda Azərbaycan məsələnin aydınlaşdırılması üçün beynəlxalq məhkəmələrə müraciət edə bilər. Bütün məsuliyyət Rusiyanın üzərindədir”.