“Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının uzadılması birmənalı şəkildə Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesini pozmaq, regionu yeni müharibəyə və xaosa sürükləmək məqsədi daşıyır”.
Bunu TNS-ə deputat Tural Gəncəliyev deyib.
Deputat qeyd edib ki, Avropa İttifaqının (Aİ) dünyanın müxtəlif bölgələrində indiyədək həyata keçirdiyi “missiya”lar həmin regionlarda yalnız xaos, qarşıdurma yaradıb:
“Ona görə bu missiya və onun vaxtının uzadılması barədə müsbət fikir söyləyə bilmirəm. Ermənistanın əvvəl söykəndiyi iki sütun vardı: Bayden administrasiyasının idarə etdiyi ABŞ, Makron mərkəzli Aİ. Bayden administrasiyası, onun əlaltısı olan dairələr - USAID, NDI, və digərləri sıradan çıxdıqdan sonra yanlız Aİ-yə güvənən Ermənistan özünü uçuruma, dalana sürükləyir. Çünki Aİ regionda yalnız manipulyasiya etmək, Ermənistanı fortposta çevirmək məqsədi güdür, İrəvanı Azərbaycan və Türkiyə ilə qarşıdurmaya sövq edir. Artıq Aİ dünyada bir güc mərkəzi kimi nüfuzunu itirib. Afrika, Yaxın Şərq, Aralıq dənizindəki missiyaları iflasa uğrayıb. Ermənistandakı missiya qurumun dünyada itən nüfuzunu bərpa etmək məqsədi daşıyır. Unudurlar ki, bu regionda revanşı qazanmaq ümumiyyətlə, mümkün deyil. Çünki regionda güclü Azərbaycan və onun nüfuzlu lideri var. Türkiyə kimi bir ölkə bu bölgədə yerləşir. Hətta İrəvanın yaxın müttəfiqləri olan Rusiya, İran Aİ-nin Ermənistanda möhkəmlənməsini istəmir. Hansı perspektivdən baxsaq, bu, Ermənistan və Aİ üçün məğlubiyyət deməkdir. Yəqin ki, səhvlərini başa düşəcəklər. Amma regionda geosiyasi məğlubiyyət aldıqdan sonra artıq gec olacaq. Onların yeganə çıxış yolu Azərbaycanın qarşısında olmamaq, əməllərinə görə üzr istəməkdir”.