![Sənədsiz evlər, sahibsiz itlər... Sənədsiz evlər, sahibsiz itlər...](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739531960_0001.jpg)
Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. Parlament sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.
İclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” (2024-cü il üzrə) müzakirə olunub. Hesabatda bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, əsas problemlər arasında saxta sənədlərin hazırlanması və qanunsuz torpaq satışları, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, torpaqların qanunsuz istifadəsi və idarə edilməməsi, bələdiyyə gəlirlərinin düzgün uçota alınmaması və vergilərin toplanmasında nöqsanlar qeydə alınıb.
51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb
Korrupsiya ilə mübarizə çərçivəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Qeyd edilib ki, 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb.
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 9686 ha torpaq sahəsinin icarəyə, 34 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib. Nəticədə 3376 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt (2023-cü il ərzində 5585) icra məmurları tərəfindən icraata qəbul olunmuş və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın (2023-cü il ərzində 7523) icrası təmin edilib.
Millət vəkili: “Həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”
Müzakirə zamanı deputat Kamran Bayramov deyib ki, Bakıda yarım milyon sənədsiz ev var: “Bunun bir sıra obyektiv səbəbləri var. Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu da bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir. Hesab edirəm ki, bu, ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq”.
“Eləcə də ev sahibləri də fayda götürəcəklər. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alqı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”, - deyə vurğulanıb.
Deputatdan suallar: “O itlərlə bağlı bir tədbirlər görürlərmi?”
“Bələdiyyələrlə bağlı biz, bu auditoriyada çox danışmışıq, onların səlahiyyətlərinin az olmasından gileylənmişik. Hesab edirəm ki, məruzədə çatışmayan konkretlikdir. Məsələn, məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardımlar göstərilib. Maraqlıdır, neçə nəfərə yardım göstərilib, neçə şəhid ailəsinə kömək edilib. Yaxud da, hansı məbləğdə kömək edilib? Məsələn, neçə binanın qarşısında abadlıq işləri aparılıb, neçə kilometr yol təmir olunub? Bu barədə məlumatlar yoxdur”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili suallarına davam edib: “Toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqına gedib, nə qədəri digər işlərə sərf olunur? Sonuncu dəfə seçicilərimlə görüşəndə onlar əvəllər olduğu kimi gileylənirdilər ki, məsələn, Xətai rayonunda, şəhərin kənarında axşamlar öz evlərinə getməyə qorxurlar, küçələr küçə itləri ilə doludur. Məsələn, bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı bir tədbirlər görürlərmi?”.
“Şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur...”
“Bizə şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur, çökəklər var, abadlığa böyük ehtiyac duyulur, uşaqların oynaması üçün yer yoxdur. Burada qeyd edildi ki, tövsiyədə bələdiyyə müəssisələri yaradılması tövsiyə olunub. Yaxşı, bu tövsiyə nəticəsində neçə bələdiyyə müəssisəsi yaradılıb? Orada nə qədər insan işlə təmin olunub? Məruzədə bu barədə heç bir məlumat yoxdur”, - deyə Həsənquliyev vurğulayıb.
Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan ümumiləşdirmə aparmalıdır: “Yoxsa neçə sərəncam ləğv elədik, neçə şəxsin torpağını özünə qaytardıq kimi addımlar yetərli olmamalıdır və təkliflər verilməlidir. Biz bilirik ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev cənab Prezident tərəfindən yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə də rəhbərlik edir. Bu təkliflərini verə bilər".
“O zaman maliyyə naziri olan hörmətli Samir müəllim təklifimi əsaslı hesab etmişdi...”
Deputat Razi Nurullayev isə qeyd edib ki, bələdiyyələrə yeni bir yanaşma lazımdır: “İlk addım kimi onların birləşdirilmısi müsbət addım oldu. Buna baxmayaraq, mövcud fəaliyyətləri, subvensiyaları, yardımları və ənənəvi təlimləri nə qədər artırsaq da, ciddi nəticələr əldə etmək çətin olacaq. Buna görə də, konkret əməl, konkret fəaliyyət və konkret yanaşmalar önəmlidir. İndi deyəcəyim təklifi büdcə müzakirələri zamanı komitə iclaslarında qaldırmışdım. O zaman maliyyə naziri olan hörmətli Samir müəllim (Samir Şərifov) təklifimi əsaslı hesab edib, aidiyyəti üzrə müzakirə olunacağını bildirmişdi. Təklifim bələdiyyələrlə biznes strukturlarının, sahibkarların işgüzar münasibətləri qurulsun və verilən subvensiyaların da konkret davamlı müştərək layihələrə yönəldilməsin. Bu yanaşma ilə bələdiyyə özü vəsait qazanaraq yerli inkişafa töhfə verə bilər”.
“Düşünürəm ki, bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır”, - deyə Nurullayev əlavə edib.
“Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər”
Millət vəkilinin sözlərinə görə, bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsi vacibdir: “Nəticədə, hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq. Növbəti mərhələdə bələdiyyələrlə iş adamları arasında görüşlərin təşkil olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnəcək. Bələdiyyələr pulsuz torpaq ayıra və digər resurslarını təqdim edə bilərlər. Dövlət isə hər bələdiyyəyə müştərək işlənəcək layihəyə subvensiya şəklində maliyyə ayırsın. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər”.
“Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Hər iki tərəf bu əməkdaşlıqdan uduşlu şəkildə çıxacaq. Dövlətin verdiyi subvensiya isə konkret davamlı və gəlirli sahələrə yönəldiləcək. Bu təklif ilə bələdiyyələr nəhayət ki, özləri vəsait qazanmağa və bələdiyyə ərazilərini inkişaf etdirməyə başlayacaqlar. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir. Mən təklifimin ciddi şəkildə dəyərləndirilməsini istəyirəm", - deyə deputat vurğulayıb.
Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib. Bundan sonra millət vəkilləri gündəlikcə olan digər qanunların müzakirəsinə başlayıblar.
AYNA.az