![Qlobal media imperiyası dağıdılacaqmı? Qlobal media imperiyası dağıdılacaqmı?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739539935_0001.jpg)
Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) ətrafında baş verənlər dünyanın gündəmində yer tutan əsas mövzulardan biridir. Bu da səbəbsiz deyil. Çünki açıqlanan məlumatlardan və faktlardan görünür ki, USAID Ameika Birləşmiş Ştatlarında faktik olaraq dövlət içində dövlət imiş. Həm də korrupsiya dövləti.
Formal məqsəd kimi ehtiyacı olan ölkələrə humanitar yardım, vacib sosial və ictimai sahələrdə dəstək vermək bəyan edilsə də, əslində ABŞ dövlətinin müxtəlif ölkələrdə maraqlarını təmin etmək olub. Təbii ki, bunun da içində USAİD rəhbər heyətinin öz şəxsi maraqları da xüsusi yer alıb.
Məqsədlərini müxtəlif formalarda həyata keçiriblər. Bu yollardan biri kimi də qlobal miqyasda bu və ya başqa dərəcədə təsir gücünə sahib olan media strukturlarını nəzarətə götürmək variantı seçilib.
USAID-lə bağlı aparılan rəsmi araşdırmaların nəticələri göstərir ki, bu təşkilat bütün dünya üzrə 707 media orqanını, 6200 nəfər jurnalisti, eləcə də, jurnalistika sahəsində fəaliyyət göstərən 279 qeyri-hökumət təşkilatını (QHT) maliyyələşdirib.
ABŞ, Fransa, Britaniya, Almaniyada “Röyters”, “Assoşeyted Press”, “Frans Press” kimi agentliklər, “Vaşinqton Post”, “Nyu York Tayms”, “Politiko”, “Fiqaro, “Le Mond”, “Şpigel”, “Alman Dalğası” kimi media orqanları, Belçika, İsveç, Polşa, Danimarka və başqa Avropa ölkələrində, Asiyada, Latın Amerikasında, faktiki olaraq dünyanı hər yerində aparıcı media USAID-lə əməkdaşlıq edib, onun təsiri altında olub. Həmçinin Ukraynada medianın 90 faizinin USAID-in layihələri vasitəsilə maliyyələşdirildiyi bildirilir.
Faktlara və ehtimallara əsasən iddia olunur ki, USAID müxtəlif təşkilatlar və proqramlar vasitəsilə böyük bir şəbəkənin saxlanmasına illərlə milyardlarla dollar sərf edib. Hər hansısa ölkədə ABŞ-ın maraqlarına zidd proseslər cərəyan edəndə, yaxud orada iqtisadi, maliyyə və başqa xarakterli dividendlər əldə etmək üçün həmin ölkədə, bir sıra hallarda isə regionda və dünyada USAID-in təsiri altında olan şəbəkələrdən istifadə olunub, həmin ölkələrin hökumətləri, rəhbər vəzifəli şəxsləri hədəfə götürülüb və onlara qarşı ünvanlı qarayaxma kampaniyaları həyata keçirilib.
Bütün bunlar edilərkən beynəlxalq ictimai rəy "müstəqil", "tərəfsiz", "azad" adlandırılan media orqanları vasitəsilə formalaşdırılıb. Həmin media orqanları isə bu işi, təbii ki, havayı görməyiblər.
Məsələn, "The New York Times” 2024-cü ildə USAİD-dən 3,1 mln.dollar, “Politico” 8 mln. dollar, “Associated Press” 19 mln.dollar, BBC 2,6 mln.funt, Reuters 9 mln.dollar, Frans-Press 447 min dollar pul alıb. Fevralın 6-dan Donald Tramp administrasiyası USAID vasitəsilə “The New York Times”, “Politico” qəzetlərinin, eləcə də, “Associated Press” informasiya agentliyinin pulunu kəsib.
Həmin media orqanlarına diqqət yetirdikdə, ABŞ prezidentinin, Dövlət İdarəedilməsinin Effektivliyi Departamentinin, şəxsən İlon Maksın, eləcə də, USAID-lə bağlı ifşa xarakterli məlumatlar açıqlayan, fikir bildirən rəsmi şəxslərin tənqidinə geniş yer ayırırlar. ABŞ hökumətinin bu ifşa əməliyyatları yuxarıda adları çəkilən media orqanlarının maraqlarına toxunduğu üçün dünyada "yardıma ehtiyacı olan xalqlar" onların yadına düşüb. Bu media orqanları USAID-in bağlannasına qarşı çıxır, bunun dünyada çox böyük narahatlıq və narazılıq yaratdığını yazırlar. Məsələ ondadır ki, məhz bu media orqanları vasitəsilə uzun onillər ərzində Amerikaya dost və düşmən olanların obrazları çox hallarda yanlış yaradılıb. Buna görə də Avropanın məşhur siyasətçilərindən birinin də etiraf etdiyi kimi, bir çox xalqlar, ölkələr Qərbdən üz çevirərək Çinə meylləniblər.
Məhz bu təşkilat - USAID Ukraynada medianı maliyyələşdirərək və yanlış yönləndirərək cəmiyyətdə parçalanmaya səbəb olan ictimai rəy yaratmışdı. Siyasi elita da dərindən parçalandı. Nəticədə ölkədə mərkəzdənqaçma prosesi aktivləşdi, "Maydan" dramı yaşandı, ardınca da separatizm gücləndi. Nəticədə Rusiya ilə Ukrayna arasında müharibə başladı və yüz minlərlə insanı həyatdan qopardı. Hazırda Ukrayna bir ölkə olaraq ən azı iki yerə parçalanmaq və bir dövlət kimi sıradan çıxmaq təhlükəsi qarşısındadır. Dağıdıcı proseslərin ictimai rəy vasitəsilə idarə olunması USAID maliyyəsi ilə işləyən yerli və xarici medianın üzrinə qoyulmuşdu. Bu, təkcə Ukraynada deyil, dünyanın başqa ölkələrində də baş verib və baş verir.
Araşdırmalar göstərir ki, USAID bütün dünya üzrə nəhəng media mafiyası, bədheybət informasiya imperiyası qurub. Bu imperiya Azərbaycanda da ictimai şüuru əsir alıb, öz məqsədlərinə tabe etməyə çalışıb. Bu, əlbəttə, ayrıca mövzudur və bu mövzuya qayıdacağıq. Sadəcə, bunu demək istərdik: hazırda Donald Trampın və İlon Maskın simasında ABŞ hökuməti dünyanı "USAID" adlı qlobal mafiyadan, Maskın dediyi kimi, "cinayətkar təşkilat" olan beynəlxalq korrupsiya şəbəkəsindən xilas etməyə çalışır.
Bahəddin Həzi, Bizimyol.info