![Paşinyan o sənədləri yaysa... Paşinyan o sənədləri yaysa...](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738816529_0001.jpg)
Ermənistanın üç sabiq prezidenti (Ter-Petrosyan, Köçəryan və Sərkisyan) baş nazir Nikol Paşinyana müraciət edərək, ondan Qarabağ danışıqları ilə bağlı bütün sənədləri yaymağı tələb ediblər. “Biz tələb edirik ki, Qarabağa dair bütün danışıqlar yayınlansın. Qoy, kim hansı işi görüb, açıqlansın”. Az öncə “Azadlıq Radiosu”nun erməni şöbəsi 1990-cı illərdə Azərbaycanla Ermənistan arasında gedən danışıqların bir qismini paylaşmışdı. Danışıqların bəzi hissələri ABŞ Dövlət Departamenti tərəfindən “məxfi”likdən çıxarılmışdı. Nikol Paşinyan isə bunun ardından bu ölkənin keçmiş üç prezidentini sərt formada tənqid etməklə yanaşı, həm də onları debata çağırmışdı. Azərbaycanla Ermənistan sülh danışıqlarını davam etdirir. İndiki halda arxiv sənədlərinin yayılması sülh prosesinə, danışıqlara necə təsir edə bilər?
Bu arada Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan isə deyib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər: “İl ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edirik, buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”. Ovannisyan həmçinin qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var: “Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”.
“Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik”. Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan Atlantika Şurası çərçivəsində çıxışında deyib. “Son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Bilirsiniz ki, hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb”.
Baş nazir ümid edir ki, bu prosesi mümkün qədər tez başa çatdıracaqlar: “Əlbəttə, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı. Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı çox konkret razılaşmamız var və ümid edirik ki, bu sazişin ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Biz bu istiqamətdə işləyirik”, - deyə Paşinyan qeyd edib.
“Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır”, - Paşinyan vurğulayıb. “Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırılmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır: “Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar. Əgər fikir vermisinizsə, bu o deməkdir ki, biz razılaşmışıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır və ətrafında hər şey razılaşdırılır. Mən bunu niyə deyirəm, çünki bu, sülhün mövcud olduğunu açıq şəkildə göstərir və indi yalnız sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”, - Ermənistanın baş naziri bildirib. Sülh yönündə belə nikbin açıqlamaların ardınca keçmişə qayıtmaq nəyi dəyişəcək və danışıqların stenoqramı yayılarsa, İrəvanda hansı ajiotaja səbəb ola bilər? Ümumiyyətlə, bu il sülh sənədi imzalanacaqmı və adı nə olacaq - sülh müqaviləsi, çərçivə sənədi, keçid sənədi, yoxsa?
Analitik Elxan Şahinoğlunun fikrincə, Ermənistan sülh müqaviləsi imzalasa da, imzalamasa da, vaxt qazana bilməyəcək: “Əksinə, Azərbaycanla məsələlərin həlli əvəzinə vaxtın uzadılması Ermənistanın əleyhinə işləyir. Biz Birinci Qarabağ müharibəsindən lazımi dərslər çıxararaq İkinci Qarabağ müharibəsində qələbə qazandıq və bundan sonra 100 dəfə də müharibə olsa, hamısında Ermənistan üzərində qələbə qazanarıq. Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığının fərqindədir. Paşinyan bircə addım ataraq konstitusiyada zəruri dəyişikliklərə getməklə sülh sazişinin imzalanmasını təmin edə bilər. Ancaq onu da unutmamalıyıq ki, Paşinyandan sonra hakimiyyətə revanşistlər gələrsə, onlara yenidən reallıqları anlatmaq məcburiyyətində qala bilərik”.
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev hesab edir ki, bu cür “şantaj” ritorikası daha çox daxili auditoriyaya hesablanıb: “Keçmiş liderlər və indiki Ermənistan rəhbərliyi bir-birini ittiham etməklə qarşı tərəfi xalqın gözündən salmağa çalışır. Tərəflər günahı və məsuliyyəti öz üzərindən atmaqla məşğuldur. Bununla erməni ictimaiyyəti şahid olsun ki, əsl müqəssir kimdir. Halbuki Petrosyanın son videoçıxışından tutmuş Xocalı cəlladları Sərkisyan, Köçəryana, ən nəhayət, "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyana qədər hamısı məsuliyyət daşıyır. Onların hamısı erməni xislətini gizlədə bilməyən düşmənlərdir. Sadəcə, hər birinin dövründə siyasi şərait fərqli olub. Onların heç biri Qarabağdan imtina etməyib. Hamısı işğalçı dövlətin rəhbərləridir. Əgər Paşinyanın imkanı olsaydı, o da qondarma parlamenti Şuşaya köçürəcəkdi. Ona görə də danışıqların sənədlərini yaymaqla nəticə dəyişmir. Ermənistanın əvvəlki və indiki hərbi-siyasi liderləri işğalçı dövlətin başında durublar".
Partiya funksioneri hesab edir ki, Paşinyan daha absurd mövqedə olub və müharibəyə səbəb yaradıb: “Ondan əvvəl heç bir Ermənistan prezidenti danışıqları dalana dirəyən bəyanat verməmişdi. Ancaq məlum idi ki, güc tətbiq etmədən əraziləri geri qaytarmaq mümkün olmayacaq. İndi isə danışıqlar gedən dövrə aid hansı sənədi yaysalar, yenə haqsız çıxacaqlar. Çünki işğalçıdırlar. Nə deyəcəklər ki? Hamısının günahı var. Sərkisyan belə etiraf edir ki, ətraf əraziləri tutublar, məqsəd Dağlıq Qarabağa girişi bloklamaq olub. 30 il flora və faunaya, sərvətlərə, əmlaklarımıza, abidələrimizə zərər yetirilib, ən əsası isə əhali etnik təmizləməyə məruz qalıb. İndi nə deyə bilərlər? Sadəcə, bayaq dediyim kimi, günahkar axtarışına çıxıblar və erməni cəmiyyətinə təsir edirlər. Bütün hallarda isə belə müzakirələr sülhü əngəlləyir, ləngidir”. E. Mehdiyev yekun sülh müqaviləsi üçün fürsət olduğunu düşünür və Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyini gözləyir.
“Yeni Müsavat”