“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
“Əksər sahələrdə məmur özbaşnalığı baş alıb gedir. Ölkə başçısı nə qədər xalqa yaxındırsa, məmurlar da xalqa, camaata yaxın, əlçatan olmalıdır. Amma əksər sahələrdə bu belə deyil. Məsələn, bir problem olur, onu həll etmək üçün sözün əsl mənasında zülmlərdən keçməlisən. İcra Hakimiyyətinə gedə bilmirsən, gərək gedib qapıda dayanasan, qulağıəzik nəhəng-nəhəng mühafizəçilərin qabağında alçalıb gözləyəsən. Mən də o əxlaqın adamı deyiləm. Heç atamın da qabağında alçalmamışam. Bir şey bilirəm ki, belə olmaz. Bilmirəm nə məsələdir? Kim edir bunu? Niyə edirlər? Hələ gedənin yerinə yaxşısı gəlmir”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra 20 yanvar dairəsindəki sıxlıqdan şikayətlənib:
“Həftədə 3 dəfə “Azərbaycanfilm” kinostudiyasına gedirəm. 20 yanvar dairəsindən keçmək mümkün deyil. Orada “talpuçka” açıblar, yolları bağlayıblar. Yol yox, hərəkət yox, girirsən çıxa bilmirsən. Şəhərin ana girəcəyində bu boyda “talpuçka”-nı kim saxlayır, niyə saxlayır? Niyə bunları yığışdırmırlar ki, insanlar rahat gedib-gəlsin, şəhər nəfəs alsın? Kimə nə deyəsən?” deyə sənətkar şikayətlənib.
Xalq artisti bildirib ki, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətsiz qalması onu çox incidir:
“ “Azərbaycanfilm” kinostudiyası Azərbaycan xalqının məbədgahıdır. Ulu Öndər Heydər Əliyev də deyib ki, ora xalqın tarixidir, salnamədir. Görün o boyda kinostudiya nə vəziyyətdədir! Ömrümün 60 ilini kinoya həsr edən xalq sənətkarı, xalq ağsaqqalı kimi bu məni çox incidir. Bununla bağlı böyük bir müraciət hazırlamışam. Adam milli dəyəri, tarixi bu kökə salmaz. Burada məqsəd və niyyət nədir? Niyə xalqın kinostudiyası dağılmalıdır? Hərə gedib orada özü üçün özəl şirkət və prodakşın açıb gic-gic işlərlə məşğul olur. Hamısı da mənasız film və serial çəkir. Bu filmlər xalqın mədəniyyətinə, əxlaqına, tarixinə, mənəviyyatına nə verəcək? Niyə kinostudiyanın qapısı bağlı qalmalıdır ki, biri padvalda, biri krişada, biri qurd dərəsində hərə özü üçün prodakşın açmalıdır? Çünki alver edirlər. Kino, alver adı ilə öz sevgililərini filmə çəkib qəhrəman etmək istəyirlər. Bu da alınmır. Televiziyalarda da vəziyyət bu gündədir. Gecə-gündüz əxlaqsızlıq təbliğ olunur. İnsanların mənəviyyatına, əxlaqına, şərəfinə zərbə vururlar? Hansı birini deyim? Ürəkaçan heç nə yoxdur!” deyə sənətkar bildirib.