Moskva Bakı və İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində əldə etdiyi irəliləyişi alqışlayır və lazımi dəstək göstərməyə hazırdır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. O deyib ki, Moskva həmişə belə təmasları və birgə işi alqışlayıb. Çünki bu, şübhəsiz ki, regionda sabitliyə töhfə verəcək:
"Öz tərəfimizdən biz həmişə bu prosesə dəstək göstərməyi təklif etmişik. Rusiyanın tərəflərin sorğusu əsasında təqdim edilə bilən müvafiq xəritə materialları var". A.Overçuk əlavə edib ki, Rusiya tərəfi "məsləhət yardımı göstərə bilər, çünki bizim Azərbaycan da daxil olmaqla qonşularla bu cür işlərdə çox böyük təcrübəmiz var". Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədi üzrə "çox konstruktiv iş gedir". Rusiya Baş nazirinin müavini xatırladıb ki, sərhəd məsələləri ilə də məşğul olan Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev üçtərəfli komissiyanın işi sayəsində tanış olublar: "Bilirəm ki, onlar arasında yaxşı işgüzar əlaqə qurulub və bu artıq çox böyük nəticədir, nəzərə alsaq ki, bu ölkələr arasında hələ diplomatik münasibətlər yoxdur və sülh müqaviləsi imzalanmayıb". Üçtərəfli işçi qrupunun işindən danışan A.Overçuk qeyd edib ki, onu rəsmi olaraq heç kim dayandırmayıb: "Biz vaxtaşırı ünsiyyətdə oluruq, amma üçtərəfli formatda deyil, təkbətək". Qeyd edək ki, Aleksey Overçukun açıqlamaları müzakirələrə yol açıb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı səsləndirdiyi fikirlərin ajiotaj doğurması təbiidir. Ekspertin sözlərinə görə, Cənubi Qafqazda nüfuz və təsir imkanlarını sürətlə itirməkdə olan şimal qonşumuzun yüksək ranqlı hökumət təmsilçilərindən birinin Bakı və İrəvana sərhədlərin delimitasiyası prosesi ilə bağlı Rusiyanın vasitəçiliyini təklif etməsi, təbii ki, neqativ yöndə qarşılanmalıydı:
"Rəsmi Moskvanın bu məsələdə səmimi davranmadığı göz önündədir. Aleksey Overçukun Rusiya Hərbi Baş Kəşfiyyat İdarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazır olduqlarını bildirməsi əsl həqiqətdə Ermənistanla Azərbaycan arasında sərhəd probleminin sürətli həllinə xidmət etmir. Əksinə, bu prosesin daha da uzadılmasına və bununla da, Rusiyanın prosesdə iştirakının təmin olunmasına xidmət edir. Rusiya Ermənistanla Azərbaycan arasında moderatorluq, vasitəçilik rolunu bərpa etməyə çalışır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində iştirakçılıq isə bu baxımdan Rusiya üçün unikal imkan yarada bilər. Kremldəki strateqlər də məhz bunu yaxşı bildiklərinə görə Overçuku mətbuata çıxarıblar, onun dilindən vasitəçilik təklifini səsləndiriblər. Lakin Bakı və İrəvanın bu təklifə müsbət reaksiya verəcəyi və "yaşıl işıq" yandıracağı isə elə də real görünmür. Çünki hər iki tərəf Moskvanın bu prosesdə moderator yox, pozucu rol oynayacağını yaxşı başa düşür. Rusiyanın bu cür həssas məsələdə vasitəçiliyi prosesin "dalan"a dirənməsi ilə nəticələnə bilər. Ona görə də çox yəqin ki, Bakı və İrəvan sərhəd məsələlərini ikitərəfli formatda nizamlamağa davam edəcək".
Analitik vurğulayıb ki, Rusiya tərəfi son dövrlərdə həm Ermənistanla, həm də Azərbaycanla münasibətləri kifayət qədər zədələyib:
"Ona görə də hazırkı məqamda Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinin həllinə dəstək vermək istəyi də siyasi manevr kimi qəbul edilir. Rusiyanın bu təşəbbüsü ilk növbədə regiondan tam olaraq sıxışdırılıb çıxarılmasını əngəlləməyə hesablanıb. Ancaq Rusiyanın "oyundankənar" vəziyyətə düşməsi qaçılmazdır. Çünki Kremlin öz səhvləri belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Bakı və İrəvan isə Rusiyanın bölgədə maraqlarının təmin edilməsinə yox, ikitərəfli formatda əldə etdikləri uğurların davam etdirilməsinə hədəflənib. Bu da tamamilə anlaşılan, düzgün mövqedir. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasını heç bir üçüncü tərəfin iştirakı olmadan tezliklə tamamlamalı və Zəngəzur dəhlizinin açılması, sülh sazişinin bağlanması kimi aktual məsələlərin həllini sürətləndirməlidir. Moskvanın, Brüsselin bu məsələlərə müdaxilə imkanları isə minimuma endirilməlidir. Çünki təcrübə göstərir ki, onlar sülh prosesində yalnız destruktiv rol oynayırlar. Cənubi Qafqaza isə indi hər şeydən öncə məhz sülh lazımdır".