ABŞ Prezidenti Donlad Tramp hakimiyyətinin birinci dönəmində standart olmayan addımları ilə yadda qalmışdı. Belə addımlardan biri də onun Şimali Koreya lideri Kim Çen Inla görüşü sayılır.
Donald Tramp yenidən dövlət başçısı seçiləndən sonra ilk açıqlamalarından biri də Kim Çen Inla əlaqə saxlayacağı barədə olub. O, Şimali Koreya liderini tərifləməkdən də çəkinməyib: “Kim Çen In ağıllı adamdır”.
Xatırladaq ki, 2018-ci ilin iyununda Sinqapurda tarixdə ilk dəfə ABŞ-KXDR sammiti keçirilib və yekunda birgə sənəd qəbul edilib. Pxenyan bundan sonra Vaşinqtonun təhlükəsizlik zəmanəti müqabilində nüvəsizləşdirmə öhdəliyini götürüb. İkinci sammit 2019-cu ilin fevralında Hanoyda keçirilib. Tramp və Şimali Koreya lideri Kim Çen In bir neçə görüşdən sonra razılığa gələ bilməyiblər və ortaq sənəd imzalanmayıb. 2019-cu il iyunun 30-da Tramp və Kim Çen In arasında üçüncü görüş KXDR və Koreya Respublikası sərhədində hərbisizləşdirilmiş zonada baş tutub. 2019-cu il oktyabrın 5-də ABŞ və Şimali Koreya rəsmiləri İsveçdə işgüzar səviyyədə görüşüblər, ancaq danışıqlar nəticəsiz başa çatıb.
Bütün hallarda, bu görüş “soyuq müharibə” dövründən sonra mütərəqqi addım sayılırdı. Onda iki Koreyanın birləşməsi ehtimalı da artmışdı. Cənubi Koreyanın o vaxtkı Prezident Mun Çje İnin Şimala səfər edəcəyi belə güman edilirdi.
ABŞ ilə Rusiya liderləri arasında dörd ildir təmas yoxdur. Bu müddətdə keçmiş Prezident Cozef Baydenlə Rusiya lideri Vladimir Putin daha çox bir-birinin arxasınca danışmaqla yadda qalıb. Bu baxımdan, yenidən onunla görüşəcəyinə dair açıqlaması da Trampın atacağı standart olmayan addımlardan sayılır. Çünki Rusiyanın Ukraynada apardığı müharibənin indiki vəziyyətində belə bir addımın atılacağına dair anonsun verilməsi ABŞ-nin RF-dən üstünlüyünün göstəricisidir.
Tramp Putinə müraciətində “sövdələşməyə” və müharibəni dayandırmağa çağırıb. Onun sözlərinə görə, Rusiya bundan imtina edərsə, ABŞ RF-yə qarşı yeni rüsumlar və sanksiyalar tətbiq edəcək. Bununla belə, Tramp təklif etdiyi “sövdələşmənin” məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.
Bunu Trampın görüşqabağı anonsu da saymaq olar. Onun dediklərini belə də yozmaq olar: “Ya Rusiya müharibəni dayandırıb sövdələşməli, ya da tətbiq ediləcək yeni daha sərt sanksiyaları qarşılamağa hazır olmalıdır”. O, bu məsələdə Çini danışıqlara cəlb etmək niyyətindədir. Tramp prosesə rəsmi Pekini qoşmaqla RF-ÇXR cütlüyünü beynəlxalq ictimaiyyətə sanki təqdim edir.
Tramp Putinlə də, Kim Çen Inla da görüşmək istəyir, Çini prosesə qoşmağa çalışır. Maraqlıdır, o, İranın ali rəhbəri ilə də görüşə bilərmi?
ABŞ prezidentləri ilə ayətullah Seyid Əli Xamenei arasında əvvəllər məktublaşma olub. 2018-ci ilin iyununda isə Yaponiyanın məhrum Baş naziri Sindzo Abe danışıqlar haqqında Trampın məktubunu İranın ali rəhbərinə təqdim etmişdi. Onda Xamenei “amerikalıların dürüstlüyünə inanmadığını” söyləmişdi.
Tramp bildirmişdi ki, İslam Respublikasında hakimiyyəti dəyişmək niyyəti yoxdur.
İranın ali rəhbəri isə cavab olaraq deyib: “Trampın açıqlaması yalandır. O bunu edə bilsəydi, edərdi”.
Deməli, İran lideri ağlından keçəni dilinə gətirib. Belə çıxır ki, rəsmi Vaşinqton rejimi dəyişməyəcəyinə dair öhdəlik götürsə, Xamenei danışığa başlayar.
Bu günlərdə İranın ali rəhbərinin Xuzistan ətalətindəki nümayəndəsi Məhəmmədnəbi Musəvifərd deyib: "Amerika ilə danışıqlar ali rəhbərliyin imkanları daxilindədir. Biz onun işinə qarışmamalıyıq, əksinə, ali rəhbərin əmrlərinə tabe olmalıyıq”.
Onun sözlərinə görə, təcrübə sübut edib ki, ABŞ danışıqlarda heç vaxt bir addım belə geri çəkilməyəcək.
Prezident Məsud Pezeşkian İsraildən başqa istənilən dövlətlə danışıq aparmağa hazır olduqlarını vurğulayıb.
Başqa tərəfdən, Tehran hakimiyyəti nüvə proqramı üzrə yeni danışıqlar və müqavilənin imzalanmasını istəyir. Çünki hazırda İslam Respublikası ilə Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların növbəti mərhələsinə hazırlıq işləri görülür. İslam Respublikasının çağırışı ABŞ-yədir. Çünki mövcud, dondurulmuş Əhatəli Razılaşma Müqaviləsinin icrası Ştatların sanksiyalarına əsasən dayandırılıb. Bu baxımdan, Tehran əslində bununla ABŞ-ni danışığa dəvət edir.
Rəsmi Vaşinqton da İranla müharibə edənə, yaxud bu ölkədə rejimi dəyişənə oxşamır.
Məsələn, bu günlərdə ABŞ ilk dəfə olaraq İranı insan haqlarını pozduğuna görə tənqid etməyib. BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 48-ci Qlobal Dövri Tədqiqat iclasında ABŞ ilk dəfə olaraq İranda insan hüquqlarına dair vəziyyəti tənqid etməkdən vaz keçib.
Bildirilib ki, 2010-cu ildən Vaşinqton Tehrana İranda insan haqlarının pozulmasını tənqid edən tövsiyələr verib. Bu il isə belə bir məsləhət verməyib.
Bunu da Ştatların İrana özünəməxsus jesti saymaq olar.
Donald Trampın prezidentliyi yeni başlayıb. Qarşıda hələ dörd il var. O, İrana yönəlik gözlənilməz addımlar ata bilər.
Rusiyanı təkləməyin əsas yollarından biri Tehran-Moskva cütlüyünün qərbə qarşı birgə fəaliyyətinə mane olmaqdır. Tramp Rusiyanın Ukraynada apardığı müharibəni dayandırmaq üçün Çini prosesə qatmaq istəyir. Bu, Ukrayna məsələsində məsuliyyətin bölüşdürülməsi və Pekinin Rusiyaya hərbi texnika və avadanlıq göndərməsini əngəlləmək deməkdir. İranla münasibətlərin istiləşməsi İslam Respublikasının Rusiyanı müharibədə dəstəkləməsinin qarşısını almaq üçün atıla bilər. Beləliklə, Yaxın Şərqdə dəyişikliyin siyasi-coğrafi miqyası genişlənər. Çünki Tehran hakimiyyəti çətinə düşəndə silaha deyil, masa arxasına keçməyə üstünlük verəcək. Vəziyyətin gərginləşməsi, hərb ritorikasından daha çox ziyanı İran hakimiyyəti görə bilər. Bunu Bəşər Əsəd islahata deyil, qarşıdurmaya getməklə isbatlayıb. Ona görə Xameneinin hakimiyyətin dəyişdirlməyəcəyi ilə bağlı ABŞ-dən alacağı təminat, danışıqlar başlaması üçün stimul ola bilər.
Sədrəddin Soltan - pressklub.az