
ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyanın son açıqlamaları müzakirələrə səbəb olub. O, Ermənistanın Baş naziri Nikol Paşinyan və komandasının daim yalan danışdığını, lakin Azərbaycan Prezidenti İlham Əliyevin həmişə həqiqətləri dediyini bildirib.
Xaçikyan artıq İrəvanın Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini, lakin bunun hələ də ermənilərdən gizlədildiyini qeyd edib.
Son günlər AzTV-də Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissələrində tikinti işlərinin yekunlaşdığına dair süjetlərin verilməsi bu fonda diqqət çəkir.
Mövcud proseslər çərçivəsində Zəngəzur dəhlizinin qısa müddətdə açılması mümkün görünürmü?
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, dəhlizin yaxın vaxtlarda açılacağı ilə bağlı xəbərlər Azərbaycan kütləvi informasiya vasitələrində son günlər daha da intensivləşib:
“Bu da əsasən dəhlizin Azərbaycana aid hissəsində işlərin tamamlanma üzrə olduğu barədə xəbərlərin ortaya çıxması ilə əlaqələndirilir. Həqiqətən də ölkəmizdə dəhlizin açılmasına ciddi hazırlıq görülür ki, bu, yaxın vaxtlarda məsələ ilə bağlı müsbət xəbərlərin alınacağına işarədir.
Bakı dəhlizin yaxın vaxtlarda açılacağına heç bir şübhə etmir. Bu istiqamətdə aparılan hazırlıq işləri də İrəvan tərəfi və region dövlətlərinin məsələnin vəziyyətindən xəbərdar olduğunu sübut edir. Deməli, Ermənistan, Rusiya, İran və Türkiyə də hadisələrin gedişi barədə məlumatlıdırlar və indiki halda qeyd olunan dövlətlərdən heç biri hadisələrin açılışa doğru getməsindən narahatlıq bildirməyiblər.
İran və Rusiyanın səssizliyi də razılıq əlaməti kimi qiymətləndirilə bilər. Beləliklə, Azərbaycan apardığı gərgin siyasi mübarizədə öz istəyinə nail olmuş kimi görünür”.
Politoloqun sözlərinə görə, Azərbaycanı əsasən Ermənistan tərəfinin bu məsələdə mövqeyi ciddi maraqlandırır:
“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandasına daxil olan siyasi xadimlərin verdiyi son bəyanatlar da Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmanı ifadə edir. İrəvanda Azərbaycanın bu tələbindən qaçmağın mümkünsüz olduğunu anlayırlar, lakin hadisələrin inkişafından maksimum fayda götürməyə çalışırlar. Eyni zamanda Ermənistan iqtidarı dəhlizin açılmasını müxalifətə qəbul etdirmək istiqamətində ciddi səy göstərir. Amma bütün hallarda Zəngəzur dəhlizinin yaxın günlərdə açılacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki irəli zamanda Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq istiqamətində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutacaq danışıqlar dayanır. Bu danışıqların nəticəsinin Cənubi Qafqaza da təsir göstərəcəyini düşünənlər var. Amma mən hesab edirəm ki, ABŞ-Rusiya danışıqlarının nəticəsindən asılı olmayaraq, Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Vaşinqton-Moskva müzakirələrinin nəticəsi isə sadəcə Rusiyanın dəhlizin idarə olunmasında iştirakı dərəcəsini müəyyən edə bilər”.
Ə.İbrahimov bildirib ki, ümumiyyətlə Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılma ehtimalı bir sıra siyasi, iqtisadi və təhlükəsizlik amillərindən asılıdır:
“Hazırda aşağıdakı mülahizələrə əsaslanaraq ehtimal hansı səviyyədə olduğunu müəyyən etmək mümkündür. Dəhlizin açılmasının lehinə olan amillər bunlardır:
“1. Regional İqtisadi Maraqlar – Bakı və Ankara dəhlizi güclü şəkildə dəstəkləyir, çünki o, materik Azərbaycanı və onun Naxçıvan anklavı arasında birbaşa quru əlaqəsini təmin edəcək və Türkiyənin Mərkəzi Asiyaya çıxışını gücləndirəcək.
2. Rusiyanın iştirakı – Rusiya Cənubi Qafqazda təsirini saxlamaqda maraqlıdır və onun daha geniş regional strategiyasının bir hissəsi kimi dəhlizə təkan verə bilər.
3. Ermənistanın İqtisadi Hədəfləri – Qarşılıqlı məqbul razılaşma əldə olunarsa, Ermənistan tranzit ödənişlərindən və artan əlaqələrdən iqtisadi cəhətdən faydalana bilər.
Açılışın əleyhinə olan amillər:
1. Ermənistanın müxalifətinin müqaviməti – Ermənistan hökuməti, xüsusən də baş nazir Nikol Paşinyanın dövründə suverenliyini itirməkdən ehtiyat edərək, tətbiq olunmuş ekstraterritorial dəhliz kimi gördüyü hadisəyə kəskin etirazını bildirib. Amma son dövrlər Azərbaycana aid olan yük və sərnişinlərin nəzarətsiz və maneəsiz keçidinə razı olmuş kimi görünür.
2. İranın müxalifəti – İran dəhlizin açılması ilə regional təsirinin zəiflədəcəyindən, Ermənistana quru çıxışının kəsiləcəyindən, ticarət yollarının pozulacağından ehtiyat edərək dəhlizə qarşı çıxır. Amma son dövrlər Azərbaycan tərəfinin apardığı ciddi siyasi-diplomatik fəaliyyət nəticəsində dəhlizin İranın Ermənistanla əlaqəsindəki mövcud status-kvonu dəyişməyəcəyi ona izah edilib. Tehran reallığı başa düşmək ərəfəsindədir demək olar.
3. Qərb və Rusiyanın geosiyasi qarşıdurması – Qərb ölkələri, xüsusən də ABŞ və Fransa Ermənistana dəstəyi artırır, Rusiya isə Ukrayna ilə məşğuldur, onun razılaşmaları yerinə yetirmək imkanlarını məhdudlaşdırır. Bu fakt müəyyən xaos yaradır.
4. Təhlükəsizlik Tədbirləri – Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəd zonasında atəşkəsi pozması dəhlizə qarşı risk əlaməti kimi də qiymətləndirilir. Dəhlizin açılması halında İrəvan bu istiqamətdə ciddi tədbirlər görməlidir”.