![Məktəblərdə din tədrisinə ehtiyac varmı? Məktəblərdə din tədrisinə ehtiyac varmı?](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739090244_57a92f6d7b8aca98ba4f42add50f69ec_mg-20250209-wa0005.jpg)
"Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: "Müqəddəs yer boşluq qəbul etmir". Biz cəmiyyətimizin fərdlərinə, öz övladlarımıza bu barədə məlumat verməsək, başqaları gəlib məlumat verəcək".
"DİA-AZ" xəbər verir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov bildirib.
Onun sözlərinə görə, bu gün artıq bilik mənbələri çoxalıb. Əvvəllər bilik mənbəyi təkcə ailəmiz, daha sonra bağça, məktəb və universitet idisə, indi internet var:
"Bu gün bir çox məsələlərdə biliklərin çoxalması və təəssüf ki, korlanması baş verir. Uşaqlarda dinin sağlam bünövrəsi əvvəlcədən qoyulmalıdır. Amma bu biliklər hansısa bir dinin və ya dini ideologiyanın insanlara təlqin edilməsi şəklində olmamalıdır. Təsviri xarakterdə olmalıdır. Dünya təcrübəsindən istifadə oluna bilər. Məsələn, Avropanın bəzi ölkələrində din tədrisi seçmə fənn, bəzilərində isə əsas fənn kimi tədris edilir. Lakin bir din deyil, cəmiyyətdə mövcud olan dinlər başda olmaqla ümumilikdə dinlər haqqında da təsviri biliklər öyrənilməlidir. Dinlər haqqında məlumat verəcək bir fənnin olmasına bir ehtiyac var.
Ölkəmizdə orta məktəblərdə "Həyat bilgisi" dərsliyində bu haqda məlumat verilir, tarix fənnində dinlər haqda müəyyən mövzuların daxilində məlumat var. Ədəbiyyat fənnində, xüsusilə orta əsrlər ədəbiyyatında bu barədə məlumatlara rast gəlmək mümkündür. Necə ki, ölkələrin coğrafiyası, tarixi haqqında tədris aparılır, eləcə də cəmiyyətdə mövcud olan bir fenomen kimi din haqqında da biliklərin verilməsi faydalıdır. Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də. Bu da bir növ tarixi bilgidir.
Əgər biz bu bilgini doğru istiqamətdə verməsək, bu ya xurafatçılıq şəklində, ya da radikalizm formasında özünü göstərəcək. Dinin doğru şəkildə öyrədilməsi cəmiyyətin bütün təbəqələrinin, inanc sahiblərinin və inancsızların da xeyrinədir".